Sumqayıt şəhərinin Ceyranbatan yaşayış massivində yerləşən “Ceyhun xanım və Hacı Əhməd” məscidinin sökülməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, söküntü işləri məscidin qarşısında qeyri-qanuni quraşdırılmış metal konstruksiyada aparılıb.
Dini Komitənin müvafiq dövlət qurumlarından aldığı məlumata görə, qeyd edilən ünvanda başlayan tikinti işləri Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun həyata keçirilməmiş, aidiyyəti qurumlardan müvafiq razılıqlar və rəylər alınmayıb.
Bildiririk ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) ərizə ilə müraciət etməlidir. Məcəllənin 75.5-ci maddəsinə əsasən, tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir.
“Dini etiqad azadlığı haqqında” Qanunun 29-cu maddəsinə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini ibadət yerlərinin və ziyarətgahların tikintisinə və yenidən qurulmasına müvafiq dini mərkəzin (idarənin) təklifini nəzərə almaqla rəy vermək səlahiyyətinə malikdir. Tikinti işlərinə başlanılarkən Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5-ci maddəsinə uyğun olaraq, yerli icra hakimiyyətinə müraciət edilmədiyindən Dövlət Komitəsinə də bu barədə sorğu daxil olmayıb.