Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rəhbərliyi arasında görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkənin bakalavr, magistr və doktorantura tələbələrinin qardaş ölkələrə həsr olunmuş mövzularda dissertasiyaların və elmi layihələrin yazılması, tələbə mübadiləsi, birgə kitabların nəşri ilə bağlı irəli sürülən təkliflər Şərqşünaslıq Universiteti rəhbərliyi tərəfindən müsbət qarşılanıb.
Tədbirdə çıxış edən universitetin rektoru Gülçöhrə Rixsiyeva iki təşkilat arasında çoxillik səmərəli əməkdaşlıqdan, iki dövlət arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində keçirilən birgə layihələrdən danışıb. Tələbələrin Azərbaycan mədəniyyətinə və ədəbiyyatına marağından söhbət açan rektor, Şərqşünaslıq Universitetində Azərbaycan dilinin tədrisinin uğurla davam etdirildiyini vurğulayıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli qeyd edib ki, Azərbaycan dili təkcə ünsiyyət vasitəsi kimi deyil, həm də Azərbaycan xalqının mədəni və tarixi irsinin daşıyıcısıdır. O, Mədəniyyət Mərkəzinin bu layihəni davam etdirməyə, universitetdə yaradılmış Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzini daim müxtəlif zəruri nəşrlərlə təmin etməyə hazır olduğunu bildirib.