Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Mexanika kafedrasının fəaliyyət planına uyğun olaraq, Sənaye mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr və professor-müəllim heyətinin bir qrupu Mingəçevir şəhərində yerləşən regionun ən böyük yüngül sənaye müəssisəsi olan “Mingəçevir Tekstil” MMC-yə səfər edib. Səfər çərçivəsində universitetin nümayəndələri müəssisə rəhbərliyi ilə görüşüblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə “Mingəçevir Tekstil” MMC-nin direktoru Əli Əsədov, istehsalat rəisi Hüseyn Həşimov, Mexanika kafedrasının müdiri dosent Mahir İsmayılov və kafedranın əməkdaşları dosent Ofelya Məmmədova, dosent Vüqar Mustafayev, baş müəllim Rövşən Mustafayev, müəllim Şəfa Əliyeva və Sima Mahmudova, həmçinin MDU-nun Təcrübə və karyera inkişaf mərkəzinin mütəxəssisi Razim Qurbanov iştirak ediblər.
Görüşdə sənayenin inkişafında mühəndislik fənlərinin tədrisinin əhəmiyyəti, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında universitetin rolunun artırılması məsələləri müzakirə olunub.
Həmçinin sənaye laboratoriyalarının yetərsizliyinin ali təhsil müəssisələrində mühəndislik fənlərinin tədrisi zamanı qarşılaşılan çətinliklərdən olduğu və bu məsələnin həlli istiqamətində sənaye müəssisələrinin əməkdaşlarının tələbələrə ustad dərslərinin keçirilməsinə ehtiyac duyulduğu vurğulanıb. Bu cür əməkdaşlıq və təcrübə mübadiləsi tələbələrin ixtisas üzrə bilik və bacarıqlarını inkişaf etdirmək və onların sənaye sahəsindəki tələblərə uyğun ixtisaslaşmalarını təmin etmək məqsədi daşıyır.
Görüşün nəticəsi olaraq, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və sənaye sahəsinin inkişafı üçün birgə layihələrin həyata keçirilməsi planlaşdırılıb.