“Gənc qızların təhsilinə dəstək” layihəsinə əvvəlcə 25 nəfər qoşuldu. Ardınca bu say 80 nəfərə çatdı, hazırda isə 156 qız təqaüd proqramından bəhrələnir.
Teleqraf xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BDU-nun əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda bu gün keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, layihə çərçivəsində qızların yalnız təqaüdlə təmin edilməsi deyil, eyni zamanda tələbələrin davamlı şəkildə təlimlərdə iştirakı, təcrübə keçmələri diqqətdə saxlanılır.
“Artıq 14 nəfər məzunumuz işlə təmin olunub”, – E.Nəsibov qeyd edib.
O əlavə edib ki, “Gənc qızların təhsilinə dəstək”lə yanaşı “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı, “Parla” təqaüd və inkişaf proqramı, “Zərif mühəndislər” xanımların inkişafı layihəsi və “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramları həyata keçirilib.
“Bu proqramlara 2600-ə yaxın müraciət edilib, ümumilikdə 336 qız təqaüd alıb. Bu cür proqramlar dövlət-özəl tərəfdaşlığı vasitəsilə davam etdiriləcək və qızlarımızın təhsilinə təşviqi işi gücləndiriləcək”,- o, bildirib.