Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş ofisində “Bəxtiyar Vahabzadənin Anım İli”nin açılış mərasimi keçirilib.“Report”un yerli bürosunun məlumatına görə, tədbirdə Bəxtiyar Vahabzadənin əsərlərindən ibarət sərgi ilə tanışlıq olub. Sonra Türkiyə Radio və Televiziya Qurumu, Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru Elnarə Kərimova, pianoçu Nailə Əhmədovanın və solistlərin iştirakı ilə görkəmli şair və dramaturqun sözlərinə yazılmış “Azərbaycan-Türkiyə” əsəri ifa olunub.Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov uşaq yaşlarından Bəxtiyar Vahabzadənin şeirləri ilə böyüdüklərini bildirib:”Ümummilli Lider Heydər Əliyev 1997-ci ildə onu “İstiqlal” ordeni ilə təltif edib. Bu, Bəxtiyar Vahabzadənin yaradıcılığına verilən qiymət idi. Bu gün şairin ruhu şaddır. Çünki türk birliyi, Bütöv Azərbaycan arzusu artıq həyata keçməkdədir”.Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam TÜRKSOY-un ortaq mədəniyyəti inşa etmək məsələsində mühüm addımlar atdığını söyləyib:”Şairin dil fəlsəfəsi olduqca dərindir. Azərbaycan xalqının müstəqillik mübarizəsində də Vahabzadə böyük rol oynayıb. Dövrünün sosial və siyasi şərtləri istiqlal ümidlərini qırmaqdaydı. Lakin onun yazdığı şerlər xalqa ümid verirdi. Vətən, millət, ana dil anlayışları əsərlərində üstünlük təşkil edirdi. O, sadəcə Azərbaycanda deyil, türk dünyasında və dünyada meydana gələn sosial problemlərin səsi olmuşdu və əsrləri hələ də türk dünyasını aydınlatmağa davam edir”.Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov vurğulayıb ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq şairi kimi qəbul edilməlidir:“O, yaşadığı dövrdə qadağa qoyulan bir çox mövzulara əsərlərində yer verib. Azərbaycanda müstəqillik hərəkatı başlayarkən xalqın önündə duranlardan biri də Bəxtiyar Vahabzadə oldu. Belə şairlər ölmür, hər zaman aramızdadırlar”.Sonra Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.Xalq şairi Sabir Rüstəmxanlı Bəxtiyar Vahabzadəni “xalqın məcnunu” adlandırıb. O deyib ki, şairliyi vətəninə xidmət hesab edən Vahabzadənin türklük məfkurəsinin yayılmasında mühüm xidmətləri olub.Azərbaycan Milli Kitabxanasının müdiri Kərim Tahirov 21 Fevral – Ümumdünya Ana Dili Günündə şairin anılmasının təsadüf olmadığını qeyd edib:”Bəxtiyar Vahabzadənin 100-dən çox kitabı Türkiyə türkcəsinə uyğnlaşdırılaraq nəşr edilib. Eyni zamanda “Türk dünyasının Bəxtiyarı” elektron məlumat bazasında 5 minə yaxın mərhum şairin öz əsərləri, həmçinin onun barəsində yazılan kitablar var”.Sonra “Muğam” qrupunun müşayiətində Xalq artisti Mələkxanım Əyyubovanın ifaları səsləndirilib.Tədbir daha sonra Ankaradakı Bəxtiyar Vahabzadə adına orta məktəbdə davam edib.