İtaliyanın Boloniya şəhərində keçirilən “Slow Wine” yarmarkasında Azərbaycanın icma əsaslı şərabçılıq ənənələri təqdim olunur.
“Report” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, ölkəmizin ikinci dəfə təmsil olunduğu sərgidə qastroturizm və enoturizm imkanları təbliğ olunaraq şərabların dequstasiyası üçün milli istehsal nümunələrindən olan biomüxtəliklik məhsulları qonaqlara tanıdılır.
Yarmarkada ölkəmizi “Slow Wine” tələblərinə uyğun şəkildə istehsalı həyata keçirən Xocavənd rayonunun Tuğ kəndindən toplanmış eyniadlı üzüm sortlarından hazırlanmış “Xındoqnı” şərabları və digər icma əsaslı şərablar təmsil edirlər.
Bu gün başa çatacaq sərgidə 1 000-dən çox şərabçı və şərab zavodu nümayəndəsinin, o cümlədən 10 mindən çox ziyarətçinin iştirakı gözlənilir.
“Slow Food” hərəkatının tərkib hissəsi kimi “Slow Wine” hər bir şərab bölgəsinin unikal üzüm sortlarının xüsusiyyətlərini əsas götürərək mədəni və bioloji müxtəlifliyi, ətraf mühitə təsirlərin azaldılmasına, dayanıqlı istehsala və aqroekoloji təcrübəyə əsaslanan ənənələrin qorunmasını təbliğ edir.