Mart 12, 2025-15:23
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Elxan Şahinoğlu: “Öcalanın çağırışı CHP-nin planını pozdu, AKP qazandı”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– PKK terror təşkilatının lideri Abdullah Öcalan rəhbərlik etdiyi strukturu və ona bağlı qrupları özünü buraxmağa çağırdı. PKK və bu qruplar (PYD/YPG/SDQ) Öcalanın çağırışını qeydsiz-şərtsiz yerinə yetirəcəklərmi?

– Öcalan bu terror təşkilatını 1970-ci illərin sonlarında yaradıb, 1984-cü ildə də ilk terror aksiyalarına başlayıblar. Artıq 40 ildən çoxdur terror fəaliyyətlərini davam etdirirlər, amma son illərdə zəifləyiblər. Çünki Türkiyə dövləti və ordusu güclənib. Demək olar ki, PKK sıxışdırılaraq Türkiyə ərazisindən çıxarılıb. Ancaq PKK qonşu ölkələrdə – Suriya və İraqda özünə sığınacaq tapa bilib.

PKK dünyada yeganə terror təşkilatdır ki, dünyada bir-birinə zidd olan dövlətlər tərəfindən dəstəklənir, Bura ABŞ, Rusiya, Yunanıstan, İran, Fransa və digər ölkələr daxildir. Bu dövlətlərdən əksəriyyətinin maraqları üst-üstə düşmür, amma PKK-ya dəstək onları birləşdirir.

Ankara bu məsələni həll etsə, həm sərhədləri yaxınlığındakı terror aradan qaldıracaq, həm də böyük dövlətlərin əlindən Türkiyəni zəiflətmək üçün bu təsiredici aləti alacaq. Buna görə də, Öcalanın çağırışı böyük dövlətlər tərəfindən də diqqətlə izlənildi. Əlbəttə, terrorçular arasında Öcalanın çağırışına riayət edənlər olacaq, artıq açıqlamalar da gəlir. Həmçinin bundan əvvəl müəyyən işlər görülmüşdü. PKK-ya bağlı siyasi partiyanın (DEM) nümayəndələri Qəndildə olmuşdular. İndi mümkündür ki, xarici dövlətlərlə bağlı hansısa qrup tərksilah olmaq istəməsin, Türkiyə belə bir problemlə də üzləşə bilər. Amma Türkiyə məsələnin birdəfəlik həllinə böyük ölçüdə yaxınlaşıb.

PKK-nın saxlanmasının mənası yoxdur, dünya çox dəyişib. Avropada da oxşar terror təşkilatları vardı, onlar çoxdan tərksilah olublar və siyasi mübarizəyə keçiblər. İtaliya, İspaniya və digər ölkələrdə var idi. Məsələn, Britaniyada “Şimali İrlandiya Ordusu” var idi. Həmin təşkilat uzun illər İngiltərəyə qarşı mübarizə aparırdı. Amma 1990-cı illərin sonlarında silahları yerə qoyub, siyasi mübarizəyə keçdilər. Düşünürəm ki, PKK-nın da manevr imkanları qalmayıb. Amma bir məsələ də var ki, Öcalanın bundan əvvəl – 2000-ci illərin əvvəlində buna oxşar çağırışı olmuşdu, amma bundan sonra terror baş vermişdi. Yəni istisna etmirəm ki, hansısa qruplar Öcalanın çağırışı ilə razılaşmasınlar. Amma bütün hallarda, Türkiyə və ətrafında terrorun sonu gəlir.

– PKK-nın əsas düşərgəsinin (Qəndil) yerləşdiyi İraqın şimalında bu təşkilatı düşmən hesab edən kürdlər hakimiyyətdədir. Bölgədə onlarla PKK arasındakı gərginlik dəfələrlə silahlı toqquşma müstəvisinə yüksəlib. Bu çağırışdan sonra PKK İraqda silahı yerə qoyacaqmı və bu olmasa, bölgədə təşkilatın əleyhinə olan durum hansı gəlişmələrə yol açacaq?

– İraq və Suriyadakı terrorçular silahları yerə qoysalar, bu, təkcə Türkiyənin yox, bu iki ölkənin də xeyrinə olacaq, ərazi bütövlükləri təmin ediləcək. Bu, İraqın şimalındakı kürd tayfaları üçün də xeyirlidir, çünki PKK onlara da problemlər yaradır. Yox, əgər hansısa dövlətlər bu qruplaşmaların tərksilah olmasının qarşısını alsa, problemlər davam edəcək. Bu durumda Türkiyə o qruplara qarşı hava əməliyyatlarını davam etdirəcək, terrorçuların itkiləri daha da artacaq.

PKK-nın dağlardakı liderləri məntiqli düşünsələr, tərksilaha gedəcəklər. Amma PKK-nın içərisində əlləri qana batmış radikal terrorçular da var. Türkiyə onlar üçün də bir model təklif edib ki, bölgəni tərk etsinlər. Kimlərin əlləri qana batmayıbsa, əfv də edilə bilərlər.

– Suriyanın yeni hökuməti PKK-nın bu ölkədəki “onurğa”sı hesab edilən YPG-dən özünü buraxaraq vahid Suriya ordusuna inteqrasiyasını tələb edir. Türkiyənin inteqrasiyaya baxışı müsbətdir. Bəs, Öcalanın çağırışı bu prosesə necə təsir göstərəcək?

– Dediyim kimi, bu məsələnin həlli ərazi bütövlüyü pozulan Suriyanın da xeyrinədir. Bəli, Suriyanın yeni hökuməti çalışır ki, vahid ordu qursun. Buna mane olan da PKK-ya bağlı silahlı qruplardır. Məncə, Öcalanın çağırışı onların da işlərini asanlaşdıracaq. Öcalana qədər də Suriya hökumətinin onlara çağırışı olmuşdu və danışıqlar gedirdi. PKK-nın Suriyadakı siyasi qanadı PYD-nin lideri Saleh Müslüm artıq bəyan edib ki, tərksilah olmağa hazırdırlar. Bu da o deməkdir ki, Suriyada da müsbət proseslərin şahidi ola bilərik.

Həmçinin söhbət təkcə kürdlərdən getmir, Suriyada başqa etnik qruplar da var, onlar da dövlətə müəyyən problemlər yaradırlar. Məsələn, Suriyanın cənubunda yaşayan druzların da silahlı qrupları var. İsrail onları dəstəkləyir. Əlbəttə, əsas maneə PKK-ya bağlı silahlı qruplardır. Düşünürəm ki, burada müsbət dinamika olacaq.

 

– YPG lideri Mazlum Kobani deyir ki, Öcalanın çağırışına müsbət yanaşırlar, amma bu, onlara aid deyil. Kobaninin bunu gözardı etməsi səbəbsiz deyil, onların ABŞ-dən güclü dəstəyi var. Təsadüfi deyil ki, Öcalanın çağırışından sonra Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-yə müraciət edərək, PKK/YPG-yə dəstəyini dayandırmağa çağırdı. Bu mürəkkəb məsələ necə çözüləcək?

– Bu onu göstərir ki, Öcalanın çağırışı kifayət etməyəcək, məsələyə kompleks yanaşmaq lazımdır. Əlbəttə, Öcalanın addımı prosesə müsbət dinamika verə, tərksilah işləri başlaya bilər. Məsələnin kompleks həlli üçün, ilk növbədə, xarici mərkəzlər PKK-ya dəstəkdən imtina etməlidirlər. İkincisi, ABŞ Suriyadakı hərbi qüvvələrini çıxarmalıdır. Məncə, Tramp buna gedəcək. Çünki o, belə məsələlərə pul xərcləməyin tərəfdarı deyil. Yəni ABŞ dəstəyini dayandırsa, YPG də tərksilah məsələsinə müsbət yanaşa bilər.

Zatən, YPG həm Türkiyə, həm də Dəməşqin təzyiqi altındadır. Türkiyə artıq ultimatum verib ki, tərksilah olmasa, onlara qarşı hərbi əməliyyatlar başlaya bilər və Suriya hökuməti buna mane olmayacaq. Bəli, Dəməşq də tərksilah üçün YPG-yə təzyiq edir. Hesab edirəm ki, YPG bu təzyiqlərə davam gətirə bilməyəcək.

– Ümumiyyətlə, Abdullah Öcalan niyə bu çağırışı etdi?

– Başqa alternativ yox idi. Digər yandan, yaşı 75-i keçib, 25 ildən artıqdır həbsdədir. Yəqin bu illərdə törətdikləri cinayətlərin də mahiyyətini anlayıb ki, mənası yoxdur. Öcalan PKK-nı yaradanda düşünürdü ki, kürdlərə “müstəqil dövlət” quracaq, Türkiyədə hərbi rejimə qarşı mübarizə aparacaq. Artıq Türkiyədə demokratik hökumət var, kürdlərin hüquqları da tanınıb, özü də etiraf elədi. Anladı ki, Türkiyədəki durum 70-ci illərdəki kimi deyil, nizam qurulub.

Öcalan anladı ki, artıq siyasi müstəvidə fəaliyyətə keçmək lazımdır, terrorla heç nəyə nail ola bilməyəcəklər. Üstəgəl, PKK-nın sıraları seyrəlib, Türkiyə ən müasir silahlarla terrorçulara qarşı effektli mübarizə aparır. Yəqin Öcalan da bu durumda fikirləşib ki, silahlı mübarizədən siyasi fəaliyyətə keçmək daha məqbuldur.

– Sizcə, bu çağırış bir anlaşma çərçivəsində edildimi? Çünki bu, ortada bir anlaşmanın olduğu, hətta Öcalanın azadlığa və ya ev dustaqlığına buraxılacağı iddialarını yol açıb.

– Əslində, bu proses MHP lideri Dövlət Baxçalının parlamentdəki sensasiyalı çıxışından sonra başladı. Baxçalı bəyan elədi ki, Öcalan parlamentdə çıxış eləsin, PKK-nı silahı yerə qoymağa çağırsın. Bu, Türkiyənin özündə böyük qalmaqala səbəb oldu, çünki MHP liderindən bunu gözləmirdilər. Demək, artıq müəyyən iş gedirdi, Baxçalı da prosesdən xəbərdar idi. Sadəcə o, AKP-nin işini bir qədər asanlaşdırdı. Çünki AKP bir dəfə bu məsələni ortaya qoysa da, alınmamışdı. Nəticədə estafeti MHP götürdü.

Baxçalının açıqlaması qəfil verilməmişdi, əvvəldən içəridə iş gedirdi, yəqin Öcalanın dəyişən fikri də hökumətə öncədən bəlli idi. Yəqin düşünülüb ki, artıq məqamıdır, məsələni çözmək lazımdır. Bundan sonra müzakirələr getdi, DEM heyətinin Öcalanla bir neçə görüşü oldu, sonra İraqa getdilər, PKK-ya bağlı bütün qrupların liderləri ilə təmasda oldular. Demək, bu, əvvəlcədən hazırlanırdı, nəticədə Öcalan çağırış elədi.

Öcalanın taleyinə gəlincə, bu haqda da müzakirələr gedir ki, 25 ildən artıqdır həbsdədir, artıq onu ev dustaqlığına buraxmağın zamanıdırmı? Türkiyə hökuməti buna ehtiyatlı yanaşacaq, çünki bu, çox ciddi fiki ixtilafına gətirib çıxara bilər. Baxmayaraq ki, belə bir çağırış edib, amma o, minlərlə insanın qətlinə baiskar olan insandır. 25 il həbsdə olsa da, belə birini əl-qolunu sallayaraq ev dustaqlığına buraxmaq da təhlükəlidir. Əlbəttə, bu, müzakirə predmeti olacaq. Amma məncə, Öcalana belə bir vəd verilməyib ki, sən çağırış et, ev səni həbsinə buraxaq. Ola bilsin, özünün belə bir istəyi var, amma hökumətin ona belə bir təminat verdiyinə inanmıram.

– Öcalanın çağırışı Türkiyədə qarşıdan gələn seçkilərə necə təsir göstərəcək? Prezident Rəcəb Tayyib Ərdoğan bu addımla kürdlərin səsinə ümid edə bilərmi?

– Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək, CHP də buna çox ciddi hazırlaşır. Ümumiyyətlə, dünən Türkiyədə çox maraqlı hadisələr baş verdi. Birincisi, Öcalanın çağırışı, ikincisi, İstanbulda keçirilən ABŞ-Rusiya danışıqları idi. Daha bir maraqlı hadisə baş verdi, İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu CHP-nin tədbirində açıqlama verdi ki, prezidentliyə namizədliyini irəli sürüb. Əlbəttə, Öcalanın çağırışından sonra PKK-nın tərksilah edilməsi başlayarsa və yaxın bir-iki il ərzində bu istiqamətdə ciddi inkişaf olarsa, Ərdoğana kürdlərin səsi arta bilər. Amma başqa bir hadisənin də baş verməsi də mümkündür. Bu məsələ həll olunarsa, kürdlərin səsi PKK-nın siyasi qanadına da gedə bilər.

Məncə, səslər AKP ilə DEM arasında bölünəcək. CHP də dünən Öcalanın çağırışından sonra təcili bir toplantı keçirdi. İndi İmamoğlunun reytinqi yüksəkdir. Bəzi ekspertlərin rəyinə görə, seçkilər indi keçirilsə, İmamoğlu Ərdoğanı uda bilər. Amma indiki durum CHP-nin planlarını poza bilər. Məncə, CHP bir strategiya hazırlayacaq ki, İmamoğlunun reytinqi aşağı düşməsin.

Məsələ budur ki, Ərdoğanın qarşıdakı seçkilərdə iştirakı üçün Türkiyə konstitusiyası dəyişdirilməlidir. Konstitusiyanı parlamentdə dəyişdirmək çətindir, çünki AKP lazımi qədər səs toplaya bilməyəcək. Konstitusiya dəyişdirilməsə, Ərdoğan 2028-ci ildə seçkilər üçün başqa bir namizəd irəli sürməlidir. İndi CHP-nin mövqeləri həm də ona görə gücləndi ki, AKP-də qeyri-müəyyənlik davam edərkən, CHP-nin namizədi bəllidir. Düzdür, Mansur Yavaşın da adını çəkirlər, amma o, hələlik iddiasını ortaya qoymayıb. İmamoğlu qədər olmasa da, Yavaşın da reytinqi yüksəkdir. İmamoğlu isə iddiasını ortaya qoyub, artıq birbaşa Ərdoğanı tənqid edir. Yəqin CHP PKK məsələsinə qarşı yeni strategiya hazırlayacaq ki, reytinqi aşağı düşməsin.