Tələt Mehdiyev deyib: “Səpin optimal müddətdə aparılsa da, vaxtında cücərtilərin alınması müşahidə edilsə də, dekabr ayından başlayan quraqlıq fevralın üçüncü ongünlüyünədək davam edib. Bununla əlaqədar Mərkəzin mütəxəssisləri rayon Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birlikdə dəmyə sahələrdə mütəmadi monitorinqlər keçirib və bitkilərin inkişafını, onlarda baş verən fizioloji prosesləri izləyiblər. Uzun müddət davam edən quraqlıqdan artıq bir çox sahələrin məhvolma təhlükəsi yaranmışdı. Belə hava şəraiti dəmyə əkinlərdə taxılın güclü quraqlıq və soyuq stressi keçirməsinə gətirib çıxarıb. Belə bir vəziyyətdə, yəni fevralın üçüncü ongünlüyündə kifayət qədər qarın yağması və havaların şaxtalı keçməsi kənd təsərrüfatı üçün, xüsusilə dəmyə taxıl sahələri üçün bir məlhəm olub”.
Mərkəzin rəisinin sözlərinə görə, qarın yağması, ilk növbədə, torpağın rütubətlə, nəmliklə uzun müddətli təmin olunmasına gətirib çıxarıb ki, bu da payızlıq dənlilərin uzun müddət nəm və rütubətli torpaqlarda aktiv inkişaf etməsinə şərait yaradır. Eyni zamanda, torpağın rütubətli və nəmli olması yazda aparılan kimyəvi mübarizə tədbirlərinin səmərəliliyini daha da artırır. Xüsusilə, alaq otlarına qarşı tətbiq edilən herbisidlər nəm və rütubətli torpaqda daha fəal təsir göstərir, verilən bioloji aktiv maddələr və mikro gübrələr bitki tərəfindən daha yaxşı mənimsənilir. Qar torpaqda optimal nəmlik yaratdığından bitkilərin yaz kollanması və intensiv inkişafı üçün münbit şərait olur. Torpağın struktrunu yaxşılaşdırır, münbitliyini artırır. Qar örtüyü payızlıq taxıl əkinlərində bitkiləri donvurmadan qoruyur. Heyvandarlıqda isə yem ehtiyatının artmasına zəmin yaradır.
“Qarın yağmasının və havaların şaxtalı keçməsinin ən böyük əhəmiyyəti isə kənd təsərrüfatında zərərli orqanizmlərin, xüsusilə siçanabənzər gəmiricilərin kütləvi məhvolmasına səbəb olacaq”,- deyə Tələt Mehdiyev əlavə edib.