Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Muğamın sehrli dünyası” adlı konsert proqramı təşkil edib.
AHİK-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətənimizin müdafiəsi uğrunda mübarizədə həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konsertdən əvvəl çıxış edənlər Azərbaycanın dövlətçilik tarixində, milli-mənəvi dəyərlərimizin qorunmasında, Ana dilimizin zənginləşməsində, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında qadınların rolundan söz açıb, onların qətiyyətindən, mübarizliyindən və xeyirxahlığından danışıblar.
Vurğulanıb ki, müdrik xalqımız Nüşabə, Məhsəti, Sara Xatun, Natəvan, akademik Zərifə Əliyeva kimi qadınların xidmətlərini unutmur, qədim tarixinin parlaq səhifələrində yaşadaraq, nəsillərdən-nəsillərə ötürür.
Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycanda qadın siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün qadınlar ölkəmizin ictimai, siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçılarıdır.
Tədbirdə Azərbaycan qadınlarının simvolu, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar, mədəni və nəcib missiyası barədə danışılıb, fəaliyyətindən bəhs edən videosüjet nümayiş olunub.
İştirakçılara Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr haqqında məlumat verilib, ölkəmizin tanınmış simalarının iştirak etdiyi və əmək hüquqlarının müdafiəsinə həsr olunan “Layiqli Əmək Səfirləri” layihəsinin təqdimatı olub.
Sonra tədbir Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun rəngarəng musiqi kompozisiyaları ilə davam edib. Əməkdar artist Təyyar Bayramov, “Muğam” müsabiqəsinin qalibləri Güllü Muradova, Ayşən Mehdiyeva, Aytən Məhərrəmovanın ifasında muğam və xalq mahnıları alqışlarla qarşılanıb.