Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar tədbir keçirilib.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Qəbələ Rayon İcra Hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən icra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın katibi Pərvin Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini diqqətə çatdırıb.
Pərvin Məmmədov vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq ərazi bütövlüyümüzü, 2023-cü ildə isə birgünlük antiterror əməliyyatı nəticəsində tam suverenliyimizi bərpa etmişik. Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda davamlı sosial-iqtisadi inkişaf təmin olunur.
Tədbirdə Mərkəzin Təhsilalanlarla iş şöbəsinin əməkdaşı Gültəkin Eyvazlı təqdimatla çıxış edərək, dövlətin Əsas Qanununun müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını vurğulayıb.