Əməkdaşlıq sazişini Bankın İdarə Heyətinin sədri Həsən Quliyev və ADA Universitetinin Tələbə Qəbulu və Xidmətləri üzrə Prorektoru Günay Ziyadova imzalayıb.
Memorandum çərçivəsində ADA Universitetinin ixtisasartırma proqramı “Bank of Baku” əməkdaşları üçün mini MBA proqramı təşkil edəcək. Proqramda bankın rəhbər vəzifədə çalışan 30 əməkdaşının iştirakı nəzərdə tutulub. Bundan əlavə, 2 qurumun razılığına əsasən, “Bank of Baku” ADA Universitetinin tələbələrinə xüsusi təcrübə proqramları təqdim edəcək, eləcə də universitet məzunları üçün iş fürsətləri yaradacaq. Sözügedən mini MBA proqramı son illər bank sektorunda ilk dəfə “Bank of Baku” üçün təşkil olunub.
H.Quliyev bu əməkdaşlıqdan bəhs edərkən bildirib ki, “Bank of Baku” hər zaman sektor üçün peşəkar və yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi töhfələr verib: “Bu baxımdan, ADA Universiteti ilə başladığımız əməkdaşlıq bankımızın uzunmüddətli ənənəsinin davamına etdirilməsinə də dəstək olacaq. İnanıram ki, bu memorandumda nəzərdə tutulan təşəbbüslər bütün maraqlı tərəflər üçün səmərəli və faydalı nəticələr verəcək. Bank of Baku olaraq məqsədimiz gəncləri dəstəkləmək, gələcəyin liderlərinin yetişdirilməsinə dəstək olmaq və sektorda keyfiyyətli xidmət göstərmək üçün kadr hazırlığını davamlı inkişaf etdirməkdir”.
G.Ziyadova isə təhsil və biznes sektoru arasında əlaqələrin genişlənməsinin hər iki tərəf üçün faydalı olduğunu, eyni zamanda milli insan kapitalının inkişafına töhfə verdiyini bildirib: “Universitet-Sənaye əməkdaşlığını davamlı olaraq inkişaf etdirir və bu məqsədlə tərəfdaşlarımızın sayını artırırıq. “Bank of Baku”nun da bu prosesə qoşulması ADA tələbə və məzunlarının real iş mühitində praktiki bilik və bacarıq qazanmasına, onların əmək bazarına daha sürətli keçidinə dəstək verəcək. Eyni zamanda, bu əməkdaşlıq Bankın kadr potensialının daha da gücləndirilməsini və peşəkar mütəxəssislərlə təmin olunmasını dəstəkləyəcək”.
Universitetin xüsusi olaraq hazırladığı mini MBA proqramının əsas məqsədi rəhbər şəxslərin menecment bacarıqlarını daha da inkişaf etdirmək, strateji düşünmə, qərar qəbul etmək, eləcə də liderlik, ünsiyyət və problemi həll etmək bacarıqlarını gücəndirməkdir.
10 moduldan ibarət birillik proqram müddətində liderliyin əsasları, komanda və layihə idarəetməsi, strategiya hazırlanması, maliyyə menecmenti, marketinq, menecerlər üçün iqtisadiyyat, biznes analitikası və s. kimi mövzulara toxunulacaq.
30 ildən çoxdur ki fəaliyyət göstərən və daima inkişafda olan “Bank of Baku”da hazırda 1 000-ə yaxın əməkdaş çalışır. Bank insan kapitalını hər zaman özünün əsas dəyərlərindən biri olaraq ifadə edir və əməkdaşlarının peşəkar karyerada irəliləməsi üçün onlara fürsətlər yaratmağa çalışır.
“Bank of Baku” paytaxt Bakıda və regionlarda 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif xidmətlər təqdim edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi