Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (Akademiya) Türkiyənin Koç Universitetinin (Universitet) rəhbərliyi ilə görüş keçirilib.
Görüşdə Konfederasiya sədri Sahib Məmmədov, Universitetin rektoru Metin Sitti, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Akademiyanın rektoru vəzifəsini icra edən Yusif Ağayev, həmçinin Akademiyanın professor-müəllim heyəti iştirak ediblər.
S.Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti diqqətə çatdırıb, dövlət başçısı cənab İlham Əliyevin həmkarlar ittifaqlarına göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb. O, bildirib ki, ölkəmizdə sosial tərəfdaşlıq münasibətləri inkişaf etdirilərək əmək hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolu daha da gücləndirilir. Universitetlə Akademiya arasında əlaqələrin yaradılmasının önəmini qeyd edən sədr qarşılıqlı təcrübə mübadiləsi, təlimlərin təşkili və digər istiqamətlər üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
M.Sitti görüşdən məmnunluğunu ifadə edib, Akademiya ilə təhsil və elmi-tədqiqat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərindən danışıb.
Y.Ağayev ali təhsil ocağının fəaliyyətindən, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlardan bəhs edib, Akademiyanın nəzdində yeni yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin məqsəd və vəzifələri barədə məlumat verib.
E.Qasımov isə Universitetin qabaqcıl proqramlarını, tədris və təlim təcrübəsini vurğulayaraq, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə qarşılıqlı faydalı münasibətlərin yaradılmasının önəmi barədə fikirlərini bölüşüb.
Görüşdə Akademiya və Universitet arasında Əməkdaşlıq Memorandumunun imzalanması barədə razılıq əldə olunub.