“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Proqram çərçivəsində bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra AMB tərəfindən təqdim olunan maliyyə aləti ilə hedc olunacaq. Hedc olunmuş vəsait mikro, kiçik və orta sahibkarlıq subyektləri, ailə-kəndli təsərrüfatları və özünüməşğul əhalinin kredit və lizinq vasitəsilə maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Proqram, həmçinin 1 avqust 2025-ci il tarixində qüvvəyə minməzdən əvvəlki 3 ay ərzində cəlb olunmuş və artıq qeyd olunan hədəf qruplarının maliyyələşdirilməsində istifadə olunmuş vəsaitləri də əhatə edəcəkdir. Bu halda, bank və BOKT-lər mövcud aktiv hedcinq alətlərini ləğv edərək, AMB-nin təqdim etdiyi imkandan faydalana bilərlər. Bu zaman əldə olunacaq qənaətin 50%-i müştərilərə təqdim olunan kredit şərtlərinin yüngülləşdirilməsinə yönəldiləcəkdir.
Ümumilikdə, təqdim olunan proqram kredit təşkilatlarının xarici maliyyə bazarlarından borclanma imkanlarını genişləndirməklə ölkə iqtisadiyyatına xarici maliyyə resurslarının daxil olmasını dəstəkləyəcəkdir.
Qeyd edək ki, kredit təşkilatlarının təklif olunan yeni hedcinq alətindən istifadəsi kreditləşmə üçün cəlb olunan resursların maya dəyərini də azaldacaqdır. Bütövlükdə isə, bu alətin tətbiqi iqtisadiyyatın şaxələndirilməsi və genişləndirilməsi, həmçinin maliyyə inklüzivliyinin artırılması hədəflərinin reallaşması üçün mühüm zəmin yaradır.