Türk Dövlətləri Təşkilatı (TDT) yaxın illərdə təkcə regional və qlobal əhəmiyyətli sülh və əməkdaşlıq platformasına deyil, həm də dünyanın iqtisadi tərəqqi mərkəzlərindən birinə çevriləcək.
Bu fikri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə noyabrın 3-də Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatının dövlət başçılarının X yubiley sammiti barədə danışarkən bildirib.
“Son illər Türk Dövlətləri Təşkilatı tamhüquqlu beynəlxalq quruma çevrilib və hazırda bu təşkilatın icra orqanları, müxtəlif sahələr üzrə qarşılıqlı fəaliyyət istiqamətləri formalaşır, bu proses yaxın vaxtlarda sürətlənəcək. Güman edə bilərik ki, bu qurum çərçivəsində bölgədə həm də təzahürləri artıq müşahidə edilməkdə olan davamlı təhlükəsizlik sistemi yaradılacaq. Düşünürəm ki, əgər belə bir tendensiya davam edərsə, – bu, demək olar heç bir şübhə doğurmur, – yaxın illərdə Türk Dövlətləri Təşkilatı təkcə regional və qlobal əhəmiyyətli sülh və əməkdaşlıq platformasına deyil, həm də dünyanın iqtisadi artım mərkəzlərindən birinə çevriləcək”, – deyə politoloq bildirib. O deyib ki, rəqəmlər, həmçinin regiondan kənar oyunçuların türk dövlətləri ilə əməkdaşlığa olan marağı bunu sübut edir.
Ekspertin fikrincə, bu şərtlər baxımından türk əməkdaşlığı geosiyasi təlatümlər, dünya siyasəti və iqtisadiyyatındakı problemlər, bir çox əvvəlki regional strukturların tənəzzülə uğraması və ya səmərəliliyinin itirilməsi şəraitində son onilliklərin ən uğurlu layihələrindən biri olacaq. Bu müstəvidə Türk formatı yeni rol, dinamika qazanır, öz mexanizmlərini və strukturlarını möhkəmləndirir və təkmilləşdirir.
“Bu format regional təhlükəsizliyin yeni strukturunun yaradılması baxımından çox vacibdir, çünki həm Mərkəzi, həm də Azərbaycan və Türkiyənin aid olduğu Cənub-Qərbi Asiya ölkələrini əhatə edir. Bu qurumda Macarıstan da müşahidəçi ölkə kimi təmsil olunur ki, bu da formatın kifayət qədər böyük olmasından xəbər verir. Türk dövlətlərinin ümumi daxili məhsulu (ÜDM) 1,2-1,3 trilyon dollar həcmində qiymətləndirilir və bu, böyük məbləğdir. Ölkələrin ümumi ərazisi, səhv etmirəmsə, 4 milyon kvadrat kilometrdən çoxdur, əhalisi isə 250 milyondan artıqdır. Bu formatın inkişafı Avrasiya qitəsinin düz mərkəzində geniş coğrafiyada proseslərin inkişafı və ya proqnozlaşdırılması baxımından çox əhəmiyyətlidir”, – deyə İlqar Vəlizadə vurğulayıb.
Son illərdə türk formatının əhəmiyyətli dərəcədə möhkəmləndiyini və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ümumi ticarət dövriyyəsinin 30 milyard dollara yaxınlaşdığını deyən politoloq bunun hələ son hədd olmadığını bildirib. Vurğulayıb ki, tərəflər həm qarşılıqlı şəkildə, həm də TDT çərçivəsində ticarət dövriyyəsinin artırılması istiqamətində məqsədəuyğun vəzifələr müəyyənləşdirir və buna türk dövlətlərinin əlaqələrini artıran nəqliyyat layihələri kömək edir.
“Beynəlxalq təlatümlər fonunda, üstəlik, dünyada iqtisadi və siyasi proseslərin kifayət qədər proqnozlaşdırılmadığı bir vaxtda türk dövlətləri coğrafiyasında sabit siyasi və iqtisadi münasibətlər sistemi formalaşıb ki, bu da bu ölkələrə böyük Avrasiya qitəsində proseslərin inkişafı üçün sabitləşdirici amil kimi çıxış etməyə imkan yaradır. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi səbəbindən əvvəlki nəqliyyat axınlarının artıq fəaliyyət göstərmədiyi və aktuallığını itirdiyi bir şəraitdə TDT ölkələrinin ərazisindən keçən Orta dəhlizin əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artır, bu rabitə sistemi çərçivəsində yük dövriyyəsi isə çoxalır. Bu rabitə sisteminin özü son illərdə əhəmiyyətli dərəcədə inkişaf edir, yeni marşrutlar yaradılır. Bölgəmizdə Zəngəzur dəhlizini xüsusi qeyd etmək olar ki, bu dəhliz də özlüyündə Orta Dəhlizin səmərəliliyini artırır, iştirakçı ölkələrə nəqliyyat axınlarını və əlaqələrini şaxələndirməyə, həmçinin tranzit potensialını artırmağa imkan verir”, – deyə politoloq bildirib.
O, bununla əlaqədar qeyd edib ki, Azərbaycan regionda Şimal–Cənub və Şərq–Qərb layihələrinin kəsişməsini təmin edən yeganə ölkədir. Buna görə də coğrafiyamızda türk dövlətlərinin qarşılıqlı əməkdaşlığı onların digər oyunçularla, xüsusən də Türk Dövlətləri Təşkilatına daxil olmayan Rusiya, İran və Gürcüstan kimi ölkələrlə iqtisadi və siyasi əlaqələrinin təmin edilməsi üçün şərtdir. Bununla belə, Azərbaycan türk dövlətlərinin birləşdiricisi rolunu oynayaraq, müxtəlif regionlar və regiondankənar böyük ölkələr arasında təbii əlaqələndirici kimi çıxış edir. Buna görə də türk formatının əhəmiyyətini nəzərə alsaq, o, daim artmaqdadır. Çünki bir tərəfdən bu format TDT-nin perimetri üzrə yerləşən müxtəlif regionlar arasında sabit qarşılıqlı əlaqəni təmin edir, digər tərəfdən isə Türk dünyası daxilində sabit və kifayət qədər səmərəli qarşılıqlı əlaqənin qurulmasına imkan yaradır”, – deyə politoloq vurğulayıb.