2025-ci il martın 19-dan etibarən aidiyyəti icra qurumları “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”ndan irəli gələn məsələlərin icrasına başlayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Ritorika.az-a qeyd olunan sərəncamla baqlı görülmüş işlər və planlar barədə məlumat verib.
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” süni intellektin inkişafı və tətbiqi üçün əlverişli ekosistemin formalaşdırılmasını, insan kapitalının gücləndirilməsini, rəqabət qabiliyyətli iqtisadiyyatın qurulmasını və bu texnologiyaların cəmiyyətə faydasının genişləndirilməsini hədəfləyir. Strategiyanın icrasına dair son aylarda bir sıra mühüm addımlar atılıb:
- İşçi qruplar yaradılıb, süni intellekt sahəsində milli standartlar qəbul olunub;
- “Milli Süni İntellekt Mərkəzi” təsis edilib, maarifləndirmə konsepsiyası hazırlanıb;
- Beynəlxalq əməkdaşlıq qurulub və yüksək hesablama infrastrukturu üzrə konkret texniki tədbirlər görülüb.
Süni intellektin inkişafı üçün milli prioritet sektorların və sektor üzrə məsul dövlət orqanlarının müəyyən edilməsi, hər bir prioritet sektor üzrə dövlət orqanları tərəfindən fəaliyyət planlarının hazırlanması nəzərdə tutulub.
Data analitikası sahəsində süni intellektin tətbiqi isə daha dəqiq və sürətli qərar qəbuletməni, effektiv xidmət göstərilməsini, məlumat infrastrukturunun inkişafını və yerli Təbii Dil Emalı texnologiyalarının tətbiqini təmin etməklə ölkənin rəqəmsal transformasiyasına güclü dəstək verəcək.
Cavid Zahidoğlu
Ritorika.az