Son dövrlərdə gündəmə gələn əsas regional məsələlərdən biri “3+3” platforması ilə bağlıdır. Qeyd edək ki, platformaya Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan daxildir. Layihənin müəllifləri Azərbaycan və Türkiyədir. Məqsəd region ölkələrini bir platformada birləşdirməklə bölgədə daimi sabitliyi, əməkdaşlıq mühitini təmin etməkdir.Maraqlıdır ki, son zamanlar Azərbaycan və Türkiyədən başqa, digər dörd iştirakçıdan da bu məsələ ilə bağlı müsbət siqnallar gəlir. Məsələn, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib ki, Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar. Nazir hesab edir ki, “3+3” formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir.Bundan başqa, dünən, oktyabrın 10-da Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla bu məsələni müzakirə edib. Həmçinin Ermənistan baş naziri Nikol Paşinyan da dünən söyləyib ki, İrəvan “3+3” formatında görüşlər keçirməyə hazırdır.Əvvəllər bu ölkələr “altılıq platforması”na o qədər də isti yanaşmasalar da, indi vəziyyət dəyişib. Əsas səbəb də odur ki, sözügedən aktorlar Bakı və Ankaranın yaratdığı reallıqları qəbul edirlər. İkinci bir tərəfdən, demək olar ki, bütün dövlətlər başa düşür ki, indiki beynəlxalq “qaçhaqov” mühitində təkbaşına nəyəsə nail olmaq mümkün deyil. Bu cür cəhdlər nəhəng aktorların maraqlarının təmin olunması üçün şərait yaratmaq deməkdir. Məhz bunu Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ illər əvvəl bildiriblər.Lakin “altılıq platforması”nın reallaşması o qədər də asan məsələ deyil. Bunun üçün bəzi regional oyunçulardan siyasi iradə tələb olunur.Son zamanlara qədər “3+3” platformasının reallaşmasına mane olan bir neçə səbəb var idi: Azərbaycanla Ermənistan arasındakı gərginlik, İranın destruktiv yanaşması və Rusiya ilə Gürcüstan arasında olan problemlər.
