Azərbaycanda kosmik sənayenin inkişafı dövlət gəlirlərinin artırılması baxımından vacibdir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, ölkəmizin 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi Azərbaycanın innovativ sənayedə apardığı islahatlara verilən beynəlxalq qiymət kimi də xarakterizə edilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin konqresin açılış mərasimində qeyd etdiyi kimi, 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin və aparıcı texnologiyaların inkişafına töhfə verəcək“Sənayedə aparılan islahatlar ənənəvi sektorlarla yanaşı, innovativ sektorun inkişafını da stimullaşdırır. Kosmik sənayenin inkişaf etdirilməsi Azərbaycanın kosmik ölkəyə çevrilməsi kontekstindən xüsusi qiymətləndirilməlidir. Nəzərə alsaq ki, innovativ sahə olaraq kosmik sənayenin inkişafı həm bu istiqamətdə daha çox gəlirin əldə edilməsi, həm də Azərbaycanın innovativ potensialının təqdim olunması baxımından vacibdir. Bu, Azərbaycanın qeyri-neft sektorunda gəlirlərinə birbaşa təsir göstərən amillərdəndir. Xüsusən də, bu istiqamətdən daxilolmalar büdcə üçün çox əhəmiyyətlidir. Qeyri-neft sektorunun inkişafı hər bir sektorun ayrıca dəstəklənməsindən ibarətdir ki, bu kontekstdən də kosmik sənayenin inkişafı həm də dövlət gəlirlərinin artırılması baxımından vacibdir”, – deyə ekspert qeyd edib.