Rusiya Gürcüstanla diplomatik münasibətlərin bərpası yolu ilə getməyə hazırdır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Moskva Tbilisinin bu istiqamətdə istənilən təşəbbüsünü dəstəkləyir.
“Gürcüstanla münasibətlərin kəsilməsinin təşəbbüskarı Rusiya deyil, bu, Mixail Saakaşvili rejiminin təşəbbüsü ilə baş verib. O vaxtdan bəri ikitərəfli münasibətlərin bərpası regionda mövcud reallıqlarla ziddiyyət təşkil edən şərtlərə tabe olub”, – deyə xanım Zaxarova brifinq zamanı bildirib ( RİA Novosti -yə istinadən ).
O qeyd edib ki, Rusiya tərəfi diplomatik münasibətlərin bərpasını ortaq tarix, mədəniyyət və sıx iqtisadi əlaqələrlə bağlı olan iki ölkənin maraqlarına uyğun hesab edir.
Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələr 2008-ci ildə kəsilib. Bu qərar Moskvanın Abxaziya və Cənubi Osetiyanın suverenliyini tanıması fonunda Gürcüstan tərəfindən qəbul edilib. Gürcüstan bu respublikaların suverenliyini tanımır və onları işğal olunmuş ərazilər hesab edir. O vaxtdan bəri Rusiya və Gürcüstan tərəfləri arasında diplomatik əlaqələr olmayıb. Ölkələr dialoqu yalnız Cenevrə müzakirələri çərçivəsində davam etdirdilər.