/TASS/. Konqo Demokratik Respublikasının (KDR) prokurorluğu dövlət çevrilişinə cəhdin 50 iştirakçısı, o cümlədən üç ABŞ vətəndaşı üçün ölüm hökmü tələb edib. Bu barədə prokurorluğun nümayəndəsi polkovnik-leytenant İnnosent Rəcəbu məlumat verib:
“Terrorçuluq, cinayət təşkilatı yaratmaq, adam öldürmək və adam öldürməyə cəhddə günahkar olan 50 müttəhimin edam cəzasına məhkum edilməsini tələb edirik”.
Çevriliş cəhdi ilə bağlı işi tribunal aparır, məhkəmə Ndolo hərbi həbsxanasının ərazisində keçirilir. Təqsirləndirilən şəxslərin ümumi sayı 51 nəfərdir. Onların arasında üç ABŞ vətəndaşı, Belçika, Böyük Britaniya və Kanada vətəndaşı da var. Son üçü xarici vətəndaşlıq almış Konqolulardır. Çevrilişi təşkil etməkdə və iştirak etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi iyunun 7-də başlayıb.