Xüsusilə tədbirlər miqrantlara yardımın azaldılmasını nəzərdə tutur.
/TASS/. Solingendə baş vermiş terror aktı fonunda Almaniya hökuməti qeyri-qanuni miqrasiya və potensial təhlükəli islamçılarla mübarizə üçün yeni tədbirlər paketi, habelə silahların alınması, saxlanması və daşınması qaydalarının sərtləşdirilməsi ilə bağlı razılığa gəlib. Daxili işlər naziri Nensi Feser bu barədə mətbuat konfransında bildirib.
Tədbirlərə, xüsusən, Almaniyaya gələn miqrantların Avropanın digər ölkələrində qeydiyyatdan keçməsi, əgər Almaniya onları geri qəbul etməyə razı olarsa, onlara göstərilən yardımın azaldılması daxildir. Konkret olaraq, “Bild” qəzetinin yazdığına görə, belə qaçqınlar yalnız zəruri əşyalar – yemək, yatmaq üçün yer, gigiyena vasitələri alacaqlar. Onlara heç bir nağd pul və ya ödəniş kartı verilməyəcək.
Bundan əlavə, hakim koalisiya ictimai yerlərdə bıçaq gəzdirmə qaydalarını sərtləşdirməyə, daha dəqiq desək, milli bayramlarda, idman tədbirlərində, sərgilərdə, yarmarkalarda, bazarlarda və ictimai nəqliyyatda bıçaq gəzdirilməsinin qadağan edilməsinə razılıq verib. Silah gəzdirmək üçün icazə alan şəxslərə qarşı tələblər də sərtləşdiriləcək.
Almaniya hakimiyyəti həmçinin hüquq-mühafizə orqanlarının islamçılara qarşı mübarizədə səlahiyyətlərini genişləndirmək və ekstremizm şübhəsi yarandığı halda islami təşkilat və mərkəzlərin fəaliyyətinin qadağan edilməsi imkanından daha tez-tez istifadə etmək niyyətindədir.