
Qardaş xalqlar arasında dostluğun, sıx əməkdaşlığın möhkəmlənməsinə və inkişafına xidmət edən bütün təşəbbüslər olduqca yüksək rəğbətə, mühüm dəyərə malikdir. Bu mühüm missiyanın daşıyıcısı olaraq Prezident İlham Əliyevin xarici siyasət strategiyası Türk dövlətlərinin təşkilatlanmasında aparıcı istiqamət, lokomotiv təşkil edir. Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində bu gün Türk dünyasının daha da birləşməsinin şahidi oluruq. Bu, həm də ümummilli iradənin həyata keçirilməsi deməkdir.Azərbaycanın Özbəkistanla münasibətlərinin ayrıca xüsusi incə xətlə inkişafı, tarixi, dini, mədəni, mənəvi keçmişə istinad əsasında qurulan, müasir, qlobal əhəmiyyətli ideya və fikir yükü ilə zəngin olan bu münasibətlər gələcəkdə Türk birliyinin daha da güclənməsinə xidmət edəcək. Belə ki, Özbəkistanın TDT-yə üzvlüyü 2018-ci ildə elə məhz Bakıda reallaşanda bu, Azərbaycanın rəsmi Daşkəndə münasibətinin yeni keyfiyyət mərhələsinə keçdiyini göstərirdi. Azərbaycan Prezidentinin Daşkənddə imzaladığı 20 istiqamət üzrə əməkdaşlıq sənədləri dövlətlərarası münasibətlərin inkişafına, xüsusilə iqtisadi münasibətlərdə artıma, investisiya, ticarət imkanlarının genişlənməsinə xidmət edir. Təsadüfi deyil ki, prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin görüşündə “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elan edilib.Təqdirəlayiq haldır ki, bütün sahələrdə inkişaf edən Azərbaycan-Özbəkistan münasibətləri qardaş ölkələrin mediasını da əhatə edir.Daşkənddə informasiya təhlükəsizliyi məsələlərinə dair Azərbaycan-Özbəkistan Media Forumu da bu əməkdaşlığın nəticəsidir. Foruma iki ölkənin media nümayəndələri, ekspertləri və dövlət xadimləri informasiya təhlükəsizliyi sahəsində aktual məsələləri və süni intellektin media fəaliyyətinə təsirini müzakirəyə çıxarıblar. Qeyd olunub ki, Azərbaycan və Özbəkistanın media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal iş aparılır. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin siyasi iradəsi də buna böyük töhfə verir. Müttəfiqlik əlaqələri də öz növbəsində media sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına, fundamental layihələrin həyata keçirilməsinə ciddi təkan verir. 2022-ci il iyunun 20-də Daşkənd şəhərində keçirilən Özbəkistan-Azərbaycan Biznes Forumu çərçivəsində “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu”nun imzalanması müvafiq sahədə fəaliyyətimizin canlanmasına ciddi stimul verib.Forumda çıxış edən Azərbaycanın Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov xatırladıb ki, iki ölkə arasında bu istiqamətdə əməkdaşlığın əsası 2022-ci ildə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması ilə qoyulub. 2023-cü ildə isə Özbəkistan Prezidentinin Bakıya dövlət səfəri çərçivəsində bu əməkdaşlığın inkişafı üçün Yol Xəritəsi imzalanıb. Forum çərçivəsində də “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası istiqamətində görüləcək tədbirlər haqqında geniş fikir mübadiləsi aparılıb, təkliflər verilib.Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov öz növbəsində bildirib ki, Azərbaycan və Özbəkistanın media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında əməkdaşlığın qurulması, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin fəaliyyətinin inkişafı, media təhsili və media savadlılığı üzrə təcrübə mübadiləsinin təşkili, həmçinin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlərində intensiv qaydada işlər görülməkdədir.Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində panel müzakirələr də aparılıb. “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda keçirilən müzakirə zamanı
“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev jurnalistlərin peşəkarlığı və onların geosiyasi prosesləri başa düşməsini dezinformasiyaya qarşı mübarizədə əsas amillərdən biri adlandırıb.Öz növbəsində Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin prorektoru Nozima Morodova vurğulayıb ki, bu gün iki ölkə arasında informasiya mübadiləsi üçün vahid platformanın olması çox vacibdir.Qeyd edək ki, artıq bir neçə ildir Azərbaycan və Özbəkistanın media strukturları arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Hər iki Şuşa Qlobal Media Forumunda Özbəkistan mediasının nümayəndələri iştirak ediblər. Bundan əlavə, Türk Dövlətləri Təşkilatı (TDT) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) media platformaları çərçivəsində fəal əməkdaşlıq edilir.Azərbaycan-Özbəkistan Ekspert Şurası ilə bağlı olub və qeyd edilib ki, bu, dövlətlərarası münasibətlərin səviyyəsinin yüksəldilməsi üçün zəruri olan ciddi intellektual platforma olacaq.Beləliklə, Daşkənddə baş tutan forum Azərbaycan ilə Özbəkistan arasında kommunikasiya və media siyasəti sahəsində əlaqələrin daha da inkişafı və möhkəmlənməsi üçün katalizator rolunu oynayacaq, təcrübə və fikir mübadiləsi üçün unikal imkanlar ortaya qoyacaq.Report.