Bu gün Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü, görkəmli dirijor Kazım Əliverdibəyovun 90 illik yubileyidir.
Kazım Əliverdibəyov 27 noyabr 1934-cü ildə Bakı şəhərində, musiqiçi ailəsində anadan olub. Atası Ağalar Əliverdibəyov dövrünün görkəmli musiqişünası, qardaşı Rasim Əliverdibəyov skripkaçı, digər qardaşı Nazim Əliverdibəyov bəstəkar, bacısı Nüşabə Əliverdibəyova isə pianoçu olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin dayısıoğludur.
1944-1954-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinin skripka sinfində, 1954-1959-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsində təhsil alıb. 1957-ci ildə, hələ tələbə ikən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) dirijor vəzifəsinə dəvət olunub.
1958-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrında) dirijor vəzifəsində çalışıb. Daha sonra əmək fəaliyyətini Opera və Balet Teatrında davam etdirib, 1960-cı ildən 1995-ci ilə qədər müəyyən fasilələrlə teatrda dirijor və baş dirijor vəzifələrində işləyib.
1996-2005-ci illərdə K.Əliverdibəyov Türkiyə Respublikasının İzmir şəhər Konservatoriyasında müəllim kimi fəaliyyət göstərib, eyni zamanda tələbələrdən ibarət simfonik orkestrin dirijoru vəzifəsində çalışıb. 2006-cı ildə vətənə qayıdan dirijor 2010-cu ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında olan bir çox tamaşaları idarə edib.
Dirijor uzun illər Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif olunan Kazım Əliverdibəyov 1978-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 2010-cu ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Görkəmli dirijor 2022-ci il dekabrın 19-da dünyasını dəyişib. Yasamal qəbiristanlığında torpağa tapşırılıb.