Birləşmiş Ştatlar Qəzza zolağında atəşkəs və Fələstinin radikal HƏMAS hərəkatının saxladığı girovların azad edilməsinə dair razılaşmanın hələ də mümkün olduğuna inanır. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə bildirib.
Ondan İsrail rəhbərliyinin Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etmək üçün Qətərə nümayəndə heyəti göndərmək qərarına münasibət bildirməsi istənilib. “Biz bunun yaxşı addım olduğunu düşünürük” deyib Kirbi. “Biz yeni razılaşmanın zəruri və mümkün olduğuna inanırıq və İsrailin Dohaya daha bir nümayəndə heyəti göndərmək qərarını alqışlayırıq”, – o vurğulayıb.
Ağ Evin sözçüsü izah edib ki, vəzifədən gedən Amerika administrasiyasının ABŞ nümayəndələrinin Qətərin paytaxtında danışıqlarda iştirak etmək üçün mümkün səfərləri barədə hələlik xəbər verəcək heç bir məlumatı yoxdur. Eyni zamanda, o, ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyasının nümayəndələrinin “sona qədər” razılığın əldə edilməsi üzrə danışıqlarda iştirak etmək niyyətində olduqlarına inandırıb. (Tass)