ABŞ Milli Təhlükəsizlik Şurasının (MTŞ) nümayəndə heyəti Ukraynanın paytaxtına gəlib. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Nümayəndə heyətinə MTŞ-də Ukrayna istiqamətinə cavabdeh olan Uinfild Svanton başçılıq edir. Görüşün əsas mövzularından biri ABŞ-ın 2024-cü ildə Ukraynaya yardımının nəticələrinin müzakirəsi və 2025-ci ildə müdafiə nazirliklərinin komandaları arasında qarşılıqlı fəaliyyətin planlaşdırılması olub. Tərəflər Ukraynanın pilotsuz təyyarələrin istehsalına daha əvvəl elan edilmiş investisiyaların vəziyyətini və müdafiə sənayesində digər birgə layihələrin inkişafını müzakirə ediblər.
“ABŞ-ın müəyyən növ silah və sursatla bağlı yardımına xüsusi diqqət yetirilib”, – deyə nazirlik qeyd edib.
Nümayəndə heyəti Almaniyanın Ramşteyn aviabazasında Ukraynaya silah tədarükünün koordinasiyası üçün yanvarın 9-na planlaşdırılan Qərb ölkələri qrupunun 25-ci iclası ərəfəsində Kiyevə səfər edib. (Tass)