Fələstin Dövlətinin prezidenti Mahmud Abbas İsrailin təcavüzünə son qoyulmasını və anklavın əhalisinə humanitar yardımın çatdırılması üçün dərhal Qəzza zolağına dəhlizlərin açılmasını tələb edib. O, bu barədə Misirin inzibati paytaxtı Yeni Qahirədə keçirilən Fələstin üzrə Qahirə Sülh Sammitində bildirib.
“Biz İsrailin Fələstin xalqına qarşı təcavüzünə son qoyulmasını və humanitar dəhlizlərin dərhal açılmasını tələb edirik”, – Abbas deyib. O, mülki şəxslərə qarşı hücumları pisləyib və “bütün məhbusların və girovların azad edilməsinə” çağırıb.
Fələstin lideri Qəzza zolağının sakinlərini anklavdan kənara çıxarmaq təhlükəsi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, “fələstinlilər heç vaxt tərk etməyəcək və həmişəlik öz torpaqlarında qalacaqlar”. Abbas BMT-ni “Fələstin xalqının müdafiəsi üçün məsuliyyət daşımağa” çağırıb. O vurğulayıb ki, “təhlükəsizlik və sülh yalnız 1967-ci il sərhədləri daxilində Fələstin də daxil olmaqla iki müstəqil dövlətin yaradılması həllini həyata keçirməklə əldə edilə bilər”. (Tass)