Naxçıvan Dövlət Universitetində (NDU) genişmiqyaslı Beynəlxalq Təlim Aylığı proqramının açılış tədbiri keçirilib. Tədbirdə NDU-nun rəhbər heyəti, Tibb fakültəsinin müəllim və tələbələri iştirak ediblər.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli proqram haqqında məlumat verib. Bildirib ki, proqram çərçivəsində 6 fərqli ölkədən 21 təlimçi təlimlər aparacaq. Təlimlər ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Niderland və Özbəkistandan olan tanınmış ekspertlər tərəfindən keçiriləcək. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq təhsil, elm, beynəlmiləlləşmə, resurslar, dayanıqlılıq olmaqla 5 əsas sahə üzrə 21 mövzuda keçiriləcək təlimlər 3 dildə – Azərbaycan, türk və ingilis dillərində olacaq.
Rektor Elbrus İsayev vurğulayıb ki, bu il aprel ayı universitetdə öncədən elan olunmuş Beynəlxalq Təlimlər Aylığıdır. Dünyanın fərqli ölkələrinin universitetlərindən, elmi-tədqiqat institutlarından Naxçıvana dəvət olunan ixtisaslı mütəxəssislər tərəfindən sertifikatlı təlimlər keçiriləcək. Bu proqram iştirakçılara qlobal bilik və təcrübə mübadiləsi imkanı yaradacaq. Hər təlim müasir metodlar əsasında təşkil olunacaq və interaktiv müzakirələr, praktiki çalışmalar və qrup işləri ilə zənginləşdiriləcək. Rektor diqqətə çatdırıb ki, əcnəbi müəllimlərin təlimlərinin təşkili hər zaman diqqətdə olub, ancaq bu dəfə belə genişmiqyaslı beynəlxalq təlimlər aylıq çərçivəsində həm ölkə universitetləri arasında, həm də Naxçıvan Dövlət Universitetində ilk dəfə təşkil olunur. “Bu tədbir universitetin ümumi inkişaf strategiyası planının tərkib hissəsidir və bütün sahələrdə innovativ yenilikləri universitetə gətirməkdə maraqlıyıq”, – deyə Elbrus İsayev əlavə edib.
Türkiyənin Acıbadem Xəstəxanasının Ürək-Damar Klinikasının qurucusu professor Cem Alhan dəvət üçün təşəkkürünü bildirib. Professor təhsil və fəaliyyət dövrü haqqında məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, robotik ürək cərrahiyyəsi əməliyyatlarında dünya əhəmiyyətli ilklərə imza atıb. Türkiyədə ilk dəfə robotik üsulla ürək qapağı dəyişdirmə əməliyyatını aparıb. Həmçinin dünya tibb tarixində robotik üsulla ürəkdə eyni anda beş fərqli əməliyyat edib. Bu günə qədər 15 mindən artıq uğurlu ürək əməliyyatı aparıb və Bypass əməliyyatlarında 99%-lik uğur qazanıb. Professor Naxçıvanda ilk dəfə olması ilə bağlı təəssüratlarını bölüşüb və robotik cərrahiyyə haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, aprel ayı ərzində keçiriləcək təlimlərdə muxtar respublikada fəaliyyət göstərən bütün qurumların nümayəndələri də ödənişsiz olaraq iştirak edə biləcəklər.