Fransa prezidenti Emmanuel Makron Britaniyanın baş naziri Keir Starmer ilə Vaşinqtonun yeni tariflərinə cavab tədbirləri, eləcə də Ukraynadakı vəziyyəti müzakirə edib.
“ABŞ tariflərinin qlobal iqtisadiyyata vurduğu zərbə fonunda biz [ABŞ] prezidenti Donald Trampla danışıqlarda mövqelərimizi yaxından əlaqələndirməyə hazır olduğumuzu təsdiq etdik”, – Makron Britaniya hökumətinin başçısı ilə söhbətdən sonra X səhifəsində yazıb. “Ticarət müharibəsi heç bir tərəfin maraqlarına uyğun deyil”.
Onun sözlərinə görə, Ukraynaya dəstək məsələsi də müzakirə olunub. “Biz ukraynalılara uzunmüddətli yardım haqqında düşünməyə davam edirik. İlk növbədə, müdafiənin birinci xəttində qalacaq Ukrayna ordusuna yardım göstərmək niyyətindəyik”. Bundan əlavə, Fransa prezidenti Starmer ilə söhbətdə müzakirənin “təmas xəttindən uzaqda yerləşdirilən çəkindirici kontingentin mümkün formalaşdırılması”na keçdiyini bildirib. (Tass)