APA xəbər verir ki, tədbirdə çıxış edən Səbail RİH başçısının müavini Kəmalə Həşimova qeyd edib ki, baş verən faciələr, xalqımıza qarşı törədilmiş soyqırımları, etnik təmizləmə heç vaxt unudulmayacaq.
“Bu, insanlıq tarixində qanlı səhifədir. Bu gün bizim əsas borcumuz bu həqiqətləri unutmamaq, gələcək nəsillərə ötürmək və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Azərbaycanlıların öz tarixi torpaqlarından zorla çıxarılması bizim mədəni irsimizin o torpaqlardan silinməsinə hesablanmış addımlar idi.
Bu gün Azərbaycan dövləti tarixi faktların beynəlxalq səviyyədə tanıdılması və milli maraqlarımızın qorunması üçün ardıcıl addımlar atır. Bizim tarixçilərimiz, ziyalılarımız da bu istiqamətdə ciddi işlər görür. Milli kimliyimizin, mədəni irsimizin qaytarılması naminə aparılan bu missiyada gənclər də fəal iştirak etməlidir”.
Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov isə çıxışında Azərbaycan xalqının öz tarixi torpaqlarından dəfələrlə didərgin salındığına diqqət çəkib:
“Qərbi azərbaycanlılar dəfələrlə öz yurdlarından didərgin salınıb. Sovet hökuməti yaradılandan sonra köçkünlərin bir qismi geri qayıdıb öz torpaqlarında yenidən şərait yaratmağa başlayıblar.
Ulu Öndər Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyevin sayəsində bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ötən bu qısa müddət ərzində icma xeyli ciddi işlər görüb, bundan sonra da bu işlər davam etdiriləcək. Azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaq haqqı var və mən inanıram ki, yaxın gələcəkdə bu qayıdış baş tutacaq. Bu yolda Azərbaycan xalqı bir yumruq kimi birləşməlidir”.
Milli Məclisinin deputatı Nigar Arpadarai isə çıxışında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi hüquqi düşüncə və mili şüurun gücləndirilməsi baxımından mühüm addım olduğunu diqqətə çatdırıb:
“Konstitusiya xalqın suverenliyinin hüquqi əsasıdır. Suverenlik isə xalqın öz gələcəyini sərbəst və müstəqil şəkildə müəyyən etməsi deməkdir.
“Konstitusiya və Suverenlik İli” həm keçmişə nəzər salmaq, həm də gələcəyə baxış, bunların gələcək nəslə aşılanması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tarix boyu Mart soyqırımı, azərbaycanlıların ata-baba yurdlarından deportasiyası, Xocalı soyqırımı sistemli və ardıcıl aparılmış düşmən siyasətinin mərhələləridir. İrəvan, Göyçə, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır. 20-ci əsrdə erməni və imperiya maraqları bu coğrafiyanı dəyişməyə başladı. Bununla da erməni radikalizmi yeni bir mərhələyə keçdi. Azərbaycanlılar zorla öz tarixi torpaqlarından çıxarıldı. Bu gün Ermənistan regionda yeganə monoetnik dövlətdir.
Başımıza gətirilən bu müsibətləri unutmamalıyıq, gənclərimiz bu həqiqətləri gələcəyə daşımalıdır. Qərbi Azərbaycana qayıdış tək fiziki yox, həm də mənəvi qayıdışdır. Suverenlik tək ərazi bütövlüyü yox, həm də milli yaddaş üzərində qurulur. Milli yaddaşını unudan xalqlar öz gələcəklərini itirirlər”.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli isə bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası ilk növbədə Azərbaycanın milli ideologiyasının tərkib hissəsidir.
Sədr qeyd edib ki, Qərbi Azərbaycana qayıdış məsələsi dünya azərbaycanlılarının məsələsidir: “Azərbaycanın qədim mədəni irsinə sahib çıxmaq istəyən, dünyanı öz saxtakarlıqlarına inandırmaq siyasətinin qarşısını almaq çətin məsələdir. Amma biz dünya ictimaiyyətinin qulaqlarına doldurduğu yalanları söküb çıxardıb, öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalıyıq.
Son iki ildə Qərbi Azərbaycan İcmasının 9 rəsmi sənədi BMT-nin rəsmi sənədi kimi dünya ictimaiyyətinə təqdim edilib. Qərbi Azərbaycana qayıdış siyasi deyil, insan hüquqları məsələsidir. Bu, beynəlxalq hüquqa söykənir. Bütün dünya azərbaycanlıları bu ideya ətrafında birləşməli və bu ideya reallaşmalıdır”.
Daha sonra panel müzakirələr başlayıb.
Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini Hikmət Babaoğlu panel müzakirəsində qeyd edib ki, Qərbi Azərbaycana qayıdış umummilli ideya kimi mənimsənilməlidir: “Biz hüquqi müstəvilərdə danışmalıyıq. Bunun üçün də hüquqi bazamızı genişləndirməliyik. Qərbi Azərbaycan Icması bu istiqamətdə ciddi addımlar atmaqdadır”.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı isə panel çıxışında qeyd edib ki, Azərbaycan qadını tarix boyu dövlətçilikdə, ölkənin ictimai-siyasi həyatında ciddi rol oynayıb:
“Qərbi Azərbaycana qayıdış məsələsində qadınların rolu böyükdür. Mədəniyyət diplomatiyasında, mədəniyyətin diliylə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu dünya ictimaiyyətinə çatdırıldı. İndi isə biz bu yolla Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına çalışmalıyıq”.
Qərbi Azərbaycan İcması Gənclər Şurasının və Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov isə bu işdə gənclərin roluna diqqət çəkib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşişkənd rayon İcmasının sədri, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova isə Qərbi Azərbaycan torpaqlarında ermənilər tərəfindən dəyişdirilən toponimlərdən danışıb.