Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “”2025-ci ildə Nikolizm qalsa, Ermənistandan heç nə qalmayacaq” adlı veriliş efirə gedib.
“Report” xəbər verir ki, verilişdə Baş nazir Nikol Paşinyanın yeni Ermənistanı siyasi ambisiya qurbanına və regionda “sözəbaxan dövlətə” çevirmək istəyindən bəhs olunur.
Erməni politoloqların sözlərinə görə, Paşinyan seçkiqabağı regionçuluq oyununu işə salıb: “Paşinyan Ermənistanı sözəbaxan dövlətə çevirmək istəyir. Ermənistanın gələcəyi Tehran və Moskvadan asılıdır. 2025-ci ildə Nikolizm qalsa, Ermənistandan heç nə qalmayacaq. Azərbaycanlılar Ermənistana qayıtmalı və biz 60 milyard dollar təzminat ödəməliyik. Paşinyan qaçacaq, insanlar onun ailə üzvlərini tapıb qisas alacaqlar. Bu gün Paşinyan üçün bütün yollar ancaq Moskvaya aparır”.
Verilişdə həmçinin erməni sakinlərinin bəzi fikirlərinə də yer verilir: “Biz heç vaxt müharibə istəmirdik. Müharibəni biz yox, Serj və Koçik istəyirdi. Bizi əvvəl kor, quldur, oğru idarə etdi, indi də narkomanlar idarə edir. Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.