Azərbaycanda tikinti sənayesi uzun illərdir ki, iqtisadi inkişafın təməl daşlarından biri olmaqla yeni iş yerlərinin yaradılmasında və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayır.
“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 10 aprel – İnşaatçılar Günü ilə əlaqədar inşaatçılara ünvanladığı təbrikdə bildirib.
O qeyd edib ki, 2024-cü ildə tikinti sektorunun ümumi daxili məhsulda payı 6,7 % təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 0,5 faiz bəndi çoxdur: “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sürətli, sistemli və planlı şəhərsalma layihələrinə nəzər salmaq kifayətdir ki, inşaatçıların şəhərlərimizin inkişafı və insanların həyat keyfiyyətinin yüksəlməsində əvəzsiz xidmətlərinə lazımi dəyəri verə bilək. Sözsüz ki, orada çalışan hər bir inşaatçı bu layihələrin icrasında yüksək peşəkarlığını, bilik və bacarığını ortaya qoyaraq, xalqımızın tarixi qələbəsini simvolizə edən bərpa-quruculuq prosesinə öz layiqli töhfələrini verir”.
A.Quliyevin sözlərinə görə, Prezidenti İlham Əliyevin rəhbərliyi altında gerçəkləşən bu proqram nəticəsində işğaldan azad olunan ərazilərimiz 30 ildən sonra yenidən doğma sakinlərinin nəfəsi ilə isinir: “Artıq minlərlə soydaşımız əzəli və əbədi yurdlarında məskunlaşır, yeni və rahat evlərində həyatına davam edir. Tikinti sektoru hər ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edir. Qürurla demək olar ki, bu gün bütün yaşayış məntəqələrinin müasirləşdirilməsi, əlverişli infrastrukturun yaradılması və innovativ şəhərsalma həllərinin tətbiqi sahəsində inşaatçılarımızın ortaya qoyduğu nəticələr tikinti sektorunun dayanıqlı gələcəyi ilə bağlı böyük nikbinlik yaradır”.
“Azərbaycan inşaatının və memarlığının zəngin çoxəsrlik ənənələrini günümüzün yenilənən tələblərinə uyğun yaşatdığınıza görə hər birinizə təşəkkür edir, Sizə möhkəm can sağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Gələcəkdə də bu yolda birgə səylərlə davamlı uğurlara imza atacağımıza əminəm”,- deyə müraciətdə qeyd edilib.