AMEA Folklor İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyinə həsr olunmuş “ATTC-dən AMEA-ya uzanan yolun yolçuları: Azərbaycan folklorşünasları” mövzusunda elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan institutun direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 mart 2025-ci il tarixində “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bununla əlaqədar olaraq, cari ilin sonuna kimi elmi müəssisələrdə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
H.Quliyev qeyd edib ki, AMEA-nın 80 illik yubileyi çərçivəsində Azərbaycan folklorşünaslığının inkişaf tarixinin nəzərdən keçirilməsi, xüsusilə də Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətindən AMEA-nın təsis edilməsinə qədərki mərhələdə folklorşünaslıq sahəsində görülən işlərin müzakirəsi aktual məsələlərdəndir. Ötən əsrin 20-ci illərində H.Zeynallı, Ə.Abid, V.Xuluflu kimi folklorşünaslar yetişiblər. Onların fəaliyyəti ilə XX əsrin 20-30-cu illərində Azərbaycan folklorşünaslığında Avropa ilə səsləşən tədqiqatlar yaranıb. Məhz Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyəti çərçivəsində peşəkar folklor toplamaları həyata keçirilib və bu materiallar Cəmiyyət ləğv olunduqdan sonra belə nəşr olunub. Həmin dövrdə xüsusilə də Hənəfi Zeynallının nəzəri görüşləri, dünya folklorşünaslıq məktəb və nəzəriyyələri barədə fikirləri diqqəti cəlb edir. Eyni zamanda Vəli Xuluflunun “Koroğlu” dastanının toplaması və şifahi mədəni ənənədə Koroğlu obrazı barədə təsəvvürləri, deyim və ifadələri diqqət mərkəzinə gətirməsi folklorşünaslıq tarixi üçün olduqca əhəmiyyətli faktlardır. Təəssüflər olsun ki, XX əsrin 20-ci illərində başlanan bu müsbət tendensiya sovet ideologiyasının təsiri və təzyiqi nəticəsində xeyli zəiflədi. Nəticədə, Azərbaycan folklorşünaslığı dünyada gedən sosial-antropoloji tədqiqat istiqamətləri ilə ayaqlaşmaqda geri qaldı.
Ardınca elmi sessiyanın məruzələri dinlənilib.
Sonda mövzu ətrafında maraqlı elmi diskussiya aparılıb, suallar cavablandırılıb.