İsrail ordusunun anklavda keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində Qəzza zolağında azı 40 fələstinli ölüb, 140-dan çoxu yaralanıb. Bu barədə Qəzza Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
“Son 24 saat ərzində Qəzzada 40 fələstinli ölüb, 146 nəfər yaralanıb. İsrail martın 18-də döyüşləri bərpa etdikdən sonra 1522 nəfər ölüb, daha 3834 nəfər yaralanıb”, – agentliyin hesabatında deyilir. Qəzza Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabr ayından Qəzza zolağında qurbanların ümumi sayının 50 886 nəfərə, yaralıların sayının isə 115 875 nəfərə çatdığını bildirib.
Martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, anklav ərazisinə kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəsi pozub. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bunu radikal Fələstinin HƏMAS hərəkatının danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff tərəfindən irəli sürülən təkliflərdən imtina etməsi ilə izah edərək, sektordakı əməliyyatın məqsədinin bütün girovları azad etmək olduğunu bildirib. Radikallar hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ı günahlandırıblar. (Tass)