Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaradıcı Azərbaycan” tədbirlər planı çərçivəsində istehsal olunmuş “Cənnət yuxusu” adlı bədii-sənədli filmin Biləsuvar rayon Heydər Əliyev Mərkəzində nümayişi keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan panel rəssamlığının əsasını qoymuş, ilk dəzgah rəssamı kimi tanınan Mirzə Qədim İrəvaninin (1825-1875) həyat və yaradıcılığına həsr olunmuş ekran əsəri, eyni zamanda, qədim İrəvan şəhərinin tarixi və mədəni irsini əhatə edir.
Film “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlər planına uyğun olaraq dövlət büdcəsindən ayrılmış vəsait hesabına maliyyələşdirilib. Filmdə rəssamın Azərbaycan təsviri sənətinə gətirdiyi yenilikləri, klassik Şərq ornamentləri və miniatür sənətini yaradıcılığında necə tətbiq etdiyi sənədli və bədii dillə tamaşaçılara təqdim edilir. Bununla yanaşı, İrəvan ziyalılarının mədəni mirası və azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası da tarixi faktlar və arxiv materialları əsasında işıqlandırılır.
Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Nümayişin keçirilməsində məqsəd tamaşaçıların milli irsimiz və mədəniyyət tariximiz barədə maarifləndirilməsi, eləcə də Mirzə Qədim İrəvaninin irsinin geniş auditoriyaya çatdırılması olub.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, filmin yaradıcı heyəti və rayon ictimaiyyəti iştirak edib. Uğurlu ekran əsərinə görə çıxış edən icra başçısı filmin yaradıcı kollektivini təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.
Layihə mədəniyyət sahəsində yeni ekran işlərinin dəstəklənməsi və Azərbaycan incəsənətinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilən strateji tədbirlərin tərkib hissəsidir. Film həm yerli, həm də xarici auditoriyaya Azərbaycan mədəniyyətinin zənginliyini təqdim etməyi və ölkəmizin incəsənət irsini dünya səhnəsində tanıtmağı hədəfləyir.
Qeyd edək ki, Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin yüksək səviyyədə qeyd olunması məqsədilə ölkə başçısı tərəfindən müvafiq Sərəncam imzalanmışdır.