Şəki şəhəri, eləcə də rayonun bir sıra kəndləri Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşdiyindən burada sel və daşqınların olması ehtimalı yüksəkdir. Tarixi faktlar da sübut edir ki, bir-neçə ildən bir Şəki şəhərində və bəzi kəndlərdə böyük daşqınlar olub, infrastruktura, vətəndaşların şəxsi təsərrüfatlarına ciddi ziyan dəyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəkidə baş verə biləcək sel təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər görülür. Bununla yanaşı, yaz-tarla işlərinin başlanması ilə əlaqədar suvarma kanalları da lildən və qumdan təmizlənir. Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Nüsrət İsrafilovun müşahidələrinə əsasən yaz-yay aylarında yağışların yağması ilə çaylarda sululuq çoxalacaq, nəticədə bəzi zonalarda daşqınların olma ehtimalı artacaq. Hazırda qarşıda duran əsas vəzifə baş verə biləcək təhlükənin qarşısının alınmasıdır.
Baş mühəndis bildirib ki, həm şəhər ərazisində yaşayan əhalinin dayanıqlı içməli su ilə təmin olunmasında, həm də rayon tabeliyində olan meliorasiya və irriqasiya xidmətlərinin göstərilməsində xeyli işlər görüb. İdarənin əsas gördüyü işlər sırasında çaylarda mühafizə tədbirlərinin həyata keçirilməsidir. Belə ki, rayon ərazisində yerləşən Kiş çayı, Daşağıl, Şin, Quruçay və digər çaylarda seldən mühafizə tədbirləri görülür. Hazırda texnikalar Daşağıl çayda işləyir və seldən mühafizə tədbirləri görülür. Eyni vaxtda digər texnikalarımız Kiş çayda, Şin çayda işləyir. “Onu da qeyd edim ki, Quruçayda uzun illər təmizləmə və tənzimləmə işləri aparılmamışdı, Quruçayda artıq işlər yekunlaşıb, tam istifadəyə verilib”, – deyə o bildirib. Əlavə edib ki, ötən il çayın daşması nəticəsində sakinlərin yüz hektarlarla əkinləri yararsız vəziyyətə düşmüşdü. Bu günlər isə həmin çayın yatağında üç müxtəlif ağır texnika fasiləsiz işləyir və yatağı dərinləşdirilir, böyük ölçüdə sədlər yaradılır.
İdarənin əməkdaşları çay yataqlarında sel təhlükəsini aradan qaldırmaqla yanaşı, suvarma kanallarının da təmizlənməsi istiqamətində işləri paralel olaraq davam etdirirlər. Qeyd edək ki, rayon ərazisində 39 min hektara yaxın suvarılan torpaq sahəsi var. Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün rayonda 859 kilometr uzunluğunda suvarma kanalları mövcuddur.
Nüsrət İsrafilov bu istiqamətdə də işlərin aparıldığını qeyd edir: “Hazırda olduğumuz ərazidən Dəhnə suvarma kanalı keçir ki, uzunluğu 28 kilometrdir. Kanalın 4 kilometrində təmir işlərinə ehtiyac var idi. Artıq təmir işlərinə başlamışıq. Gələn həftə sonuna kimi işləri başa çatdıracağıq və bu suvarma kanalı ilə 7 kəndə suvarma suyunun verilməsi təmin olunacaq. O cümlədən Cəyirli kanalında, Layisqı kanalında və digər kanallarda xeyli işlər görülüb. Demək olar, bu üç ay ərzində kanallar 30 kilometrədək lil qatından təmizlənib”. Baş mühəndis çaylarda sel sularının təhlükə yaratmaması üçün çay yataqlarının mütəmadi olaraq təmizləndiyini, təhlükəli yerlərdə qabion bəndlərin qurulduğunu, ən təhlükəli yerlərdə isə beton-mühafizə bəndlərin tikildiyini bildirib.