ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilmiş beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyevin son zamanlar Ermənistanın müharibəyə hazırlaşması məsələsinə toxunması diqqətəçəkən məqamlardan biridir.
Bunu “Report”a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
Deputat hesab edir ki, Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin xəbərdarlıqlarından, çağırışlarından ciddi nəticə çıxarmalı, regional sülh və təhlükəsizlik üçün konkret addımlar atmalıdır:
“Ermənistanın dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan dövlətimizin başçısı da diqqətə çatdırdı ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur”.
S.Salmanova qeyd edib ki, Ermənistan nə qədər silahlanırsa, silahlansın, Azərbaycanın “dəmir yumruğ”u qarşısında hər zaman acizdir:
“İkinci Qarabağ müharibəsindəki tarix qələbəmiz bunu sübuta yetirdi. “Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq”, – deyən dövlətimizin başçısı əlavə edib ki, biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq. Prezident İlham Əliyevin bu fikirləri Ermənistana və onun havadarlarına növbəti mesajdır”.

Səbinə Salmanova
Deputat vurğulayıb ki, Ermənistan tərəfi revanşist iddialardan əl çəkməli və regionda sülhün bərqərar olması istiqamətində əməli addımlar atmalıdır.
“Çünki bu gün sülh Azərbaycandan daha çox Ermənistana vacibdir”, – o deyib.
S.Salmanova əlavə edib ki, Azərbaycan lideri İlham Əliyev dəfələrlə, müxtəlif platformalarda Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri də açıqlayıb:
“Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Prezident İlham Əliyev sülh danışıqlarının başlanmasının təşəbbüskarı olub. Azərbaycan Prezidenti bu təklifi etməklə dünya tarixində ilkə imza atıb. Çünki qalib tərəfin məğlub tərəfə sülh təklifinə heç vaxt rast gəlinməyib. Bu, Azərbaycanın, onun liderinin humanistliyindən xəbər verir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın iki legitim şərtini qəbul etməlidir. Onlar ATƏT-in Minsk qrupunu ləğv və Ermənistan konstitusiyasında dəyişiklik etməlidir. Bu halda ancaq sülh müqaviləsi imzalana bilər. İndi isə seçim Ermənistanındır”.