Yaxın 1,5 həftə ərzində Amerika hakimiyyəti xarici investorlar üçün ABŞ-da yaşamaq icazəsinin yeni formasının verilməsi üzərində işə başlamaq niyyətindədir. Bunu ABŞ-ın ticarət naziri Hovard Lutnik deyib.
“1,5 həftə ərzində biz Qızıl kart və Tramp kartı ilə işləməyə başlayacağıq. Onlar təqdim olunacaq. Biz buna çox şadıq. Bu, tezliklə baş verəcək”, – o, Ağ Evdə Nazirlər Kabinetinin iclasında deyib.
ABŞ prezidenti Donald Tramp martın sonunda bildirib ki, sözügedən yaşayış icazəsinin yeni forması Tramp kartı adlandırıla bilər. O və digər ABŞ rəsmiləri əvvəllər demişdilər ki, nəticədə ABŞ vətəndaşlığına səbəb ola biləcək proqram “qızıl kart” adlandırıla bilər. Tramp qeyd edib ki, bu kartın satışından əldə edilən bütün gəlir ABŞ-ın 36 trilyon dolları keçən dövlət borcunun ödənilməsinə sərf olunacaq.
Amerika lideri vurğulayıb ki, əgər ABŞ hakimiyyətinin bu kartları alan əcnəbilərlə bağlı ciddi şikayətləri olarsa, onların pulları onlara qaytarılacaq və həmin şəxslər xaricə deportasiya ediləcək. Prezident əmin edib ki, bu kartları almaq istəyənlər Amerika kəşfiyyat orqanları tərəfindən “düzgün yoxlanılacaq”. Yeni kartın ABŞ-da EB-5 kimi tanınan xarici investorlar üçün daimi yaşayış proqramını əvəz edəcəyi gözlənilir. (Tass)