Həmin müsahibəni təqdim edirik:
– MİDA-nın yaradılmasından 9 il ötür. Bu müddət ərzində Agentlik tərəfindən bir çox uğurlu layihələr reallaşdırılıb, minlərlə vətəndaş güzəştli mənzilə sahib olub. İcra etdiyiniz layihələr, güzəştli mənzillərin satış prosesləri, mənzil əldə edən vətəndaşlar və s. barədə ətraflı məlumat verə bilərsinizmi?
– Ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə ölkə başçısı tərəfindən ayrılan xüsusi diqqətin daha bir göstəricisi 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması oldu. Agentliyin əsas məqsədi vətəndaşlarımızın yaşayış sahələrinə ehtiyacının güzəştli qaydada ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün onun sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının tikintisini təşkil etməkdir. Prezident İlham Əliyevin Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinə ilk gündən göstərdiyi dəstək qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılmasına öz töhfəsini verir.Əhalinin güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədi ilə 9 illik fəaliyyəti dövründə Agentlik Bakıda və regionlarda ümumilikdə 11 güzəştli mənzil layihəsinin icrasını həyata keçirib. Həmin layihələrdən 8-nin inşası tamamlanmış, 3 layihə isə hazırda reallaşdırılır.İcrası tamamlanmış layihələr – Yasamal Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt şəhəri, Zəminə Həsənova küçəsində inşa edilmiş güzəştli mənzillər, Gəncə Yaşayış Kompleksi, Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksidir.


– Hazırda Agentlik Bakıda və regionlarda hansı layihələrin icrasını həyata keçirir? Yeni layihələr harada olacaq? Digər şəhər və rayonlarda da güzəştli mənzillərin tikintisi nəzərdə tutulubmu?
– Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən hazırda Bakı ilə yanaşı, Şirvan və Yevlax şəhərlərində layihələr icra olunur.Bakı şəhərində inşa olunan Binəqədi Yaşayış Kompleksinin ümumi sahəsi 9 hektar təşkil edir. Yaşayış kompleksi 28 binadan ibarətdir. Bu binalarda ümumilikdə 1 398 mənzil olacaq. Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 960 şagird yerlik ümumtəhsil məktəbinin və 80 yerlik 1 uşaq bağçasının istifadəyə verilməsi nəzərdə tutulur.Paralel olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 2,31 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılıb. Regionlarda isə hazırda Şirvan və Yevlaxda layihələr icra olunur.8 hektardan çox ərazidə inşa olunan Şirvan Yaşayış Kompleksi 25 binadan ibarətdir. 9 mərtəbəli və 12 mərtəbəli binalarda ümumilikdə 1264 mənzil olacaq. Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulur.


– Vətəndaşlar mənzilləri hansı ödəniş üsulları ilə əldə edə bilər?
– Güzəştli mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.Mənzili ipoteka krediti ilə əldə etmək istəyən vətəndaşın müraciətinə Azərbaycan Prezidentinin 22.06.2016-cı il tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun baxılır. Güzəştli mənzil əldə etmək hüququna malik olan vətəndaşlar MİDA ilə əməkdaşlıq edən bütün agent banklar vasitəsi ilə minimal 10 % ilkin ödənişlə, illik 4 % olmaqla müddəti 30 ilədək güzəştli ipoteka kreditindən yararlana bilərlər. Hazırda güzəştli ipoteka kreditlərinin verilməsi məqsədilə 13 agent bank ilə əməkdaşlıq edilir.Mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 % endirim əldə edir. Ümumiyyətlə güzəştli mənzillərin satış qiyməti yerləşdiyi ərazidəki digər analoji mənzillərin bazar qiymətindən təqribən 30 % aşağıdır. Hər bir layihə üzrə satışa çıxarılan mənzilin qiyməti satış elanında qeyd olunur.


– Məlumat üçün bildirim ki, Azərbaycan Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə və 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq güzəştli mənzillərin əldə edilməsi üçün müraciət yalnız gücləndirilmiş elektron imza sertifikatı ilə elektron qaydada “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə bərabər şəraitdə elektron qaydada real vaxt rejimində edilir. Bu günə olan məlumata əsasən “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 39 748 nəfərdir.Güzəştli mənzillərin seçimi prosesi də eyni şəkildə elektron qaydada “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilir. Agentliyin 9 illik fəaliyyəti dövründə “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil əldə edən vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycanın hərbi qulluqçuları, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs və ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs kateqoriyaları üstünlük təşkil edir. Mənzillər daha çox güzəştli ipoteka krediti hesabına alınıb.
– Növbəti satışda hansı layihələrdən mənzillər satışa çıxarılacaq?
– Güzəştli mənzillərin satışı barədə elan satışın başlanması tarixinə ən azı 30 gün qalmış verilir və vətəndaşlar bu barədə media, Agentliyin internet saytı və sosial şəbəkələrdə olan səhifələri vasitəsilə məlumatlandırılır. Bununla yanaşı, istifadəçilərin “Güzəştli mənzil” sistemindəki elektron kabinetlərində elanın verilməsi ilə bağlı bildiriş yerləşdirilir, elektron poçt və sms vasitəsilə məlumat göndərilir. Növbəti elanda Binəqədi və Şirvan yaşayış komplekslərində yerləşən mənzillərin satışa çıxarılması nəzərdə tutulur.
– MİDA Qarabağa qayıdış çərçivəsində işğaldan azad olunan ərazilərimizdə də yaşayış kompleksləri inşa edir. Bu barədə məlumat verə bilərsinizmi?
– Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə bu gün bərpa və quruculuq işləri böyük sürətlə həyata keçirilir. Qarabağ tamamilə yenidən qurulur, ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları tikilir, ağıllı kəndlər, qəsəbələr salınır.Qarabağa “Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarında daimi məskunlaşması üçün ölkə başçısının tapşırıqlarına uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında yaşayış kompleksləri inşa olunmuş, Xocalı şəhərindəki yaşayış binalarında isə yenidənqurma işləri həyata keçirilib.


– Həmçinin qardaş Türkiyəyə dəstək olaraq Azərbaycan hökümətinin icraçı qurumu olaraq MİDA tərəfindən Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikintisi həyata keçirilir. Hazırda işlər hansı mərhələdədir?
– 2023-cü ilin fevral ayında qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, qardaş Türkiyədə bu ağır faciənin fəsadlarının aradan qaldırılması üçün həm Azərbaycanın aidiyyəti dövlət qurumları, həm də Azərbaycan xalqı tam gücü ilə səfərbər oldu.Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin təzahürü olaraq Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verdi. Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb. Azərbaycanın icraçı qurumu qismində Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyət göstərir.2024-cü il sentyabr ayının 11-də Türkiyənin Kahramanmaraş şəhərinin “Azərbaycan” məhəlləsində yeni Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışı baş tutdu. Açılış mərasimində iki qardaş ölkənin nümayəndə heyətləri iştirak etdilər.

