Bakıda Gənc rəssam Həsən Haqverdiyevin ” Non-obvious observations” adlı sərgisinin açılışı keçirilib. Burada onun rəsm, heykəltaraşlıq əsərləri və videoinstalyasiya nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Elnarə Nəsirlinin qalereya-studiyasında baş tutub və gənc rəssamın orijinal işlərini böyük maraqla izləyən qonaqlarda səmimi maraq doğurub.
Sərginin kuratoru elə Həsən Haqverdiyevin özü olub, musiqi müşayiəti ilə özünün bəstələdiyi kompozisiyalar təqdim edilib.
“Mənim üçün həqiqi sərgi uzun onilliklər boyu gizli saxladığım özümün bir hissəsinin aşkar olmasıdır ki, bunun da şahidi yalnız mənə yaxın insanlar olublar. Belə deyim ki, bunda müəyyən bir intimlik var. Mənim həmişə deyəcək sözüm var, lakin “sözün səslənməsi” üçün kənardan düzgün verilmiş suallar eşidilməlidir. Bu isə o qədər də tez-tez baş vermir. Ancaq elə bir an gəlir ki, özünü ifadə etmək zəruri olur”, – deyə Həsən etiraf edir.
Həsən Haqverdiyevin əsərləri müəyyən bir mistik formaya müraciət, xarici təsirlər tərəfindən müəyyənləşdirilən şərti koordinat sistemində daxili hissiyyata fərqli bir baxışdır.
Sərginin annotasiyasında deyilir ki, “şəhərlərdə doğulub böyüyərək biz metal, beton, plastik və sair ilə əhatələnmiş bir mühitdə yaşayırıq. Günəşi görmək üçün başımızı qaldırırıq, torpağın qoxusunu duymaq üçün uzaqlara səfər edirik. Tikililər, binalar zaman keçdikcə bir-birini əvəz edir, getdikcə daha steril görünüş əldə edir. Lakin oksigen, su, külək və bir çox digər təbii faktorlar bu müasir dizaynın mükəmməlliyinə təsir edir. Həm də bunu maraqlı bir şəkildə edir”.
“Mən mistikaya valeh olmuşam. Bəli, və yumşaq desək, mövcudluğun qaranlıq tərəfinə də. Bu mənim üçün əslində daim cəlbedici təvazökar və sakit bir dünyadır. Səssizlikdə, sakitlikdə və qaranlıqda həmişə maraqlı nə isə var. Demək olar ki, bu istiqamətdə nə isə axtarıram”, – deyə rəssam qeyd edir.
Rəssamın etiraf edir ki, bu cür qeyri-adi yaradıcılıq forması ilə ona metaforalar və metamorfozalar dünyasına dalmaq qorxulu deyil. Öz işləri vasitəsilə vizionerlik atmosferini yaradır: “Mən sadəcə bu böyük qaranlıq sürrealizm-ekspressionizm dünyasına öz töhfəmi verməyə çalışıram”.
Qeyd etmək lazımdır ki, Həsən Azərbaycanın tanınmış heykəltəraşı, Azərbaycanın Əməkdar Rəssamı Hüseyn Haqverdiyevin oğludur. O da həmin axşam sərgidə iştirak edib.
Həsən Haqverdiyev deyir: “Atam mənim ilk kuratorumdur. Üstəlik bizim kimi müəyyən mənada kiçik bir şəhərdə. Xüsusilə də incəsənət baxımından. O, mənim baxışımı bölüşür və buna görə də bu sahədə onunla məsləhətləşmək mənə rahatdır. Xüsusi təhsilimin olmadığını nəzərə alsaq, onun hər şeydə dəstəyi akademik biliklərə gedən yeganə yoldur. Atam bütün həyatı boyu mənim rəssam kimi inkişaf etməyimin şahidi olub”, – deyə Həsən Haqverdiyev söyləyir.
Həsən Haqverdiyevin təqdim etdiyi ” Non-obvious observations” sərgisi insan təsəvvürünü və düşüncəsini həmişə qabaqlayan təbii təsirlər haqqında mesajdır.