Ukrayna və ABŞ nümayəndə heyətləri arasında yeraltı sərvətlərə dair sazişin hazırlanması üzrə danışıqlar aprelin 11-12-də keçirilən texniki məsləhətləşmələrdən sonra davam etdiriləcək. Bu barədə Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina məlumat verib.
“Bir çox təfərrüatları açıqlaya bilmərəm. Məsləhətləşmələrin baş tutması özlüyündə müsbət əlamətdir. İndiki mərhələdə nə demək olar: Ukrayna nümayəndə heyətinin burada hazırladığımız və razılaşdırılan bütün təklifləri Amerika tərəfinə çatdırmaq imkanı var idi. Onların hamısı müzakirə olundu. Müəyyən razılaşmalar əldə olundu. Bu məsləhətləşmələrdən sonra danışıqların davam edəcəyini gözləyirəm”.
Stefanişina təsdiqləyib ki, əvvəllər keçirilən texniki məsləhətləşmələr yerin təki sazişi üzrə danışıqların sonuncu raundu deyil.
Ukraynanın faydalı qazıntılarına dair sazişin şərtlərini müzakirə etmək üçün Ukrayna və Amerika nümayəndələri arasında texniki danışıqlar aprelin 11-12-də baş tutub. Daha sonra Ukraynanın baş naziri Denis Şmıxal məsləhətləşmələrin gələn həftə davam edəcəyini açıqlayıb. (Tass)