Bu barədə “Report”a açıqlamasında politoloq Nağı Əhmədov danışıb.
Ekspert qeyd edib ki, aprelin 3-4-də Səmərqənddə keçirilən Avropa İttifaqı (Aİ) və Mərkəzi Asiya ölkələri arasında sammitdən sonra qəbul edilmiş birgə bəyanatla Qazaxıstan, Özbəkistan və Türkmənistan Kiprlə bağlı diplomatik əlaqələrini yeni səviyyəyə qaldırıb:
“Yəni bu dövlətlərin yunan Kipri ilə münasibətləri yeni deyil. Məsələn, Qazaxıstanla münasibətləri hələ 1992-ci ilin aprel ayında qurulub. Hətta son dövrlərə kimi onlar arasında səfirliklər fəaliyyət göstərirdi. Belə ki, Qazaxıstanın Tel-Əvivdə akkreditə olunmuş səfiri həm də yunan Kiprindəki səfiri hesab olunurdu. Paralel olaraq yunan Kiprinin Moskvada akkreditə olunmuş səfiri Qazaxıstan üzrə də səfir hesab olunurdu”.
Müsahib vurğulayıb ki, Qazaxıstanla yunan Kipri arasında iqtisadi-ticarət əlaqələri də kifayət qədər böyük həcmdə olub, təkcə 2024-cü ildə 2023-cü illə müqayisədə tərəflər arasında ticarət həcmi beş dəfə artıb:
“Yunan Kiprinin Qazaxıstandakı investisiya həcmi 2005-ci ildən bəri 4,5 milyard dollar təşkil edib. Bundan başqa, yunan Kipri özü üçün Asiyadakı prioritet istiqaməti kimi iki ölkəni – Hindistan və Qazaxıstanı seçib. Onu da qeyd edim ki, tərəflər cari ilin yanvar ayında qarşılıqlı olaraq səfirliklərin açılması barədə razılığa gəliblər”.

Nağı Əhmədov
N.Əhmədov Cənubi Kiprlə digər Mərkəzi Asiya ölkələrinin diplomatik əlaqələrinin tarixinə də diqqət çəkib:
“Özbəkistanla onlar arasında diplomatik əlaqələrini tarixi 1997-ci ildə qurulub. 2024-cü il dekabrın 19-da Özbəkistan İtaliyada akkreditə olunmuş səfirini yunan Kiprinə də səfir təyin edib. Artıq bundan sonra səfirliklərin yeni mərhələdə birbaşa təmsil olunması planlaşdırılıb. Türkmənistana gəldikdə isə cari ilin mart ayında Türkmənistan İtaliyada akreditə olunmuş səfirini Cənubi Kiprə də səfir təyin edib. Yəni proses, əslində, aprel ayındakı sammitə qədər uzun bir mərhələ keçib”.
Həmsöhbətimiz hesab edir ki, diplomatik əlaqələrin yeni səviyyəyə qalxması onların Avropa İttifaqı ilə əlaqələrini daha da inkişaf etdirmək məqsədindən qaynaqlanır:
“Çünki gələn il Kipr Avropa İttifaqı Şurasına sədrlik edəcək. Digər bir məqam ondan ibarətdir ki, hər bir dövlət diplomatik əlaqələri qurarkən ilk olaraq öz milli maraqlarını və yerləşdiyi regionun geosiyasi həssaslıqlarını nəzərə alır. Görünür, sözügedən dövlətlər bu addımı zəruri hesab ediblər. Ancaq Mərkəzi Asiya dövlətlərinin yunan Kiprinə səfir təyin etmə qərarı təkcə Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirmək məqsədindən qaynaqlanmır, burada həm də başqa geosiyasi aktorların təsiri aparıcı rol oynayıb”.
Bu qərarın Rəsmi Bakı və Ankara ilə münasibətlərə necə təsir edəcəyinə gəldikdə isə N.Əhmədov söyləyib ki, Azərbaycan və Türkiyə ilə bu ölkələrin əlaqələri daha çox praqmatik xarakter daşıyır, yəni emosialar üzərində qurulmayıb:
“Bu baxımdan münasibətlərin kəskin şəkildə zədələnəcəyini düşünmürəm. Qərarın Türk Dövlətləri Təşkilatı (TDT) daxilində də parçalanmaya gətirib çıxaracağını düşünmürəm. Ancaq məlumdur ki, Azərbaycanın məsələyə mövqeyi fərqlidir. Azərbaycan Şimali Kiprə dəstəyini həmişə ifadə edib və hazırda da bu mövqedə dəyişiklik yoxdur. Məsələyə yanaşmadakı fərqlər isə daha çox ondan qaynaqlanır ki, Azərbaycan xarici siyasətdəki suverenliyini, kənar təsirlərə məruz qalmadığını sübut edib”.