Tramp administrasiyasının xarici yardım fondlarını kəskin şəkildə kəsmək qərarı ABŞ-ın Yaxın Şərqdəki mövqeyini zəiflədə bilər. Bu barədə “Politico” qəzeti mənbələrə istinadən yazır.
Bir sıra ekspert və rəsmilərin fikrincə, Amerika hakimiyyətinin belə radikal addımı siyasi cəhətdən qeyri-sabit regionda yerləşən ölkələrin vəziyyətini pisləşdirəcək və nəticədə “Vaşinqtonun Yaxın Şərqdəki təsirini sarsıda bilər”. Ən ciddi nəticələri ABŞ-ın regionda yardımının əsas alıcıları – İsrail, İordaniya və Misir hiss edəcək.
Nəşr hesab edir ki, ABŞ-ın xarici ölkələrə yardımının azaldılması artıq çətin siyasi və iqtisadi vəziyyətdə olan digər Yaxın Şərq ölkələrinə də təsir edəcək. Xüsusilə, bu, ABŞ-ın işğalının nəticələrindən hələ də qurtula bilməyən və İŞİD terror qruplaşmasının yaraqlılarına qarşı mübarizə aparan İraqa, bu yaxınlarda hakimiyyət dəyişikliyinin baş verdiyi Suriyaya, vətəndaş qarşıdurmasına qərq olmuş Yəmənə, İsrailin hərbi əməliyyat keçirdiyi Livana və Qəzza zolağına aiddir.
Politico qeyd edir ki, ABŞ hökumətinin məlumatına görə, 2010-cu ildən 2023-cü ilə qədər Yaxın Şərq ölkələri ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) ümumilikdə təxminən 40 milyard dollar yardım alıb. (Tass)