Böyük Britaniyanın baş naziri Key Starmer ABŞ prezidenti Donald Trampla Ukraynadakı vəziyyəti müzakirə edib. Bu barədə iki liderin telefon danışığından sonra baş nazirlikdən verilən açıqlamada deyilir.
“[Onlar] Ukrayna, İrandakı vəziyyət, həmçinin Yəməndə husilərə qarşı son vaxtlar görülən tədbirlər haqqında danışıblar”, – deyə məlumatda bildirilir.
Bundan əlavə, Tramp və Starmer Böyük Britaniya və ABŞ arasında yeni ticarət sazişi üzrə danışıqların gedişatını müzakirə ediblər. Qeyd edilir ki, Starmer “azad və açıq ticarət prinsiplərinə sadiqliyini, həmçinin milli maraqların qorunmasının vacibliyini vurğulayıb”.
Aprelin 17-də Parisdə Fransa prezidenti Emmanuel Makron ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff ilə görüşüb. Yelisey sarayının məlumatına görə, bu “konstruktiv danışıqlar” Ukraynadakı münaqişənin həlli məsələsində “mövqelərin bir araya gəlməsinə” kömək edib. Agence France-Presse xəbər verir ki, beş ölkə nümayəndələrinin növbəti görüşü gələn həftə Londonda planlaşdırılır.