Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası əhaliyə söz verib ki, ölkə 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmağa digər namizəd dövlətlərlə müqayisədə daha çox hazır olacaq. Bu barədə partiyanın bəyanatında deyilir.
“Avropa bürokratiyasının hələ də Gürcüstanı şantaj etməklə və qeyri-demokratik qüvvələri hakimiyyətə qaytarmağa çalışmasına baxmayaraq, biz cəmiyyətə söz veririk ki, bizim siyasi komandamız bütün çətinliklərin öhdəsindən layiqincə gələcək və Gürcüstan 2030-cu il üçün elan olunmuş Aİ-nin genişlənməsinə bütün namizəd ölkələr arasında ən hazırlıqlısı kimi cavab verəcək”, – partiyanın təsis edilməsinin 13-cü ildönümü ilə bağlı bəyanatda deyilir.
“Gürcü Arzusu” həmçinin ümid edir ki, həmin vaxta qədər “bugünkü Brüssel bürokratiyası Avropa İttifaqının və Avropanın gələcəyinə yönəlmiş ləyaqətli, müstəqil elita ilə əvəz olunacaq”.
Hakim partiya öz bəyanatında qeyd edir ki, bu gün Gürcüstan heç vaxt olmadığı qədər müstəqil və suverendir və heç kim onun rəhbərliyini ölkənin maraqlarına zidd addımlar atmağa məcbur edə bilməz. “Gürcü Arzusu” hakimiyyəti Gürcüstanın milli maraqlarının diktəsi ilə hərəkət edir və heç vaxt bu maraqlar bahasına kompromislərə yol verməyəcək”, – bəyanatda deyilir. (Tass)