Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zaqatalada “Qloballaşan dünyada din siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda regional konfrans təşkil olunub.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, konfransda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı Azər Kərimli, hüquq mühafizə orqanlarının əməkdaşları, ilahiyyatçılar, həmçinin din xadimləri, dini icma sədrləri iştirak ediblər.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mühüm məsələlərin müzakirə olunduğu və faydalı təcrübənin paylaşıldığı silsilə regional konfransların nəticələri barədə danışıb. Komitə sədri bildirib ki, Azərbaycan xalqı tarixən öz milli adət-ənənələrinə və dini dəyərlərinə bağlılığı ilə seçilib:
“Ölkədə insanlara münasibət inancına, etnik-mədəni köklərinə görə deyil, onun vətəndaş kimliyinə görə formalaşır. Bu, dövlətin istinad etdiyi ideoloji sütunlardan biri olmaqla bərabər, həm də bütövlükdə cəmiyyətimizin ümumi konsensus əsasında formalaşan baxışlar sistemidir”.
R.Məmmədov qloballaşmanın indi bir çox yeni imkanlar yaratdığı kimi, həm də yeni təhdidlər yaratdığını vurğulayıb. Qeyd edib ki, sosial, siyasi, iqtisadi, ictimai-mədəni sahələrdəki təzahür formaları qloballaşmanın bəzi hallarda ənənəvi dəyərlərlə ziddiyyət təşkil etdiyini göstərir:
“Lakin bu həm də müxtəlif ölkələr və xalqlar arasında əlaqələrin gücləndirilməsi üçün yeni mexanizmlər təqdim edən universal bir platformadır. Ona görə də biz qloballaşmanın təqdim etdiyi imkan və reallıqlarla milli-mənəvi dəyərlər arasında sərhədləri dəqiq müəyyən etməliyik”.
Milli Məclisin deputatı Azər Kərimli Dövlət Komitəsinin regionlarda keçirdiyi və aktual məsələlərə həsr olunan konfransların əhəmiyyətinə toxunub. Daha sonra qloballaşmanın dini identikliklərə təsiri, dinin siyasətdəki rolunun artması barədə danışan deputat din siyasətinin balanslı və inklüziv şəkildə qurulmasının vacibliyini qeyd edib.
O bildirib ki, bu məsələdə Azərbaycanın yanaşmasının nümunəvi xarakter daşıması və İslam dəyərlərinə sadiq qalmaqla yanaşı, sekulyar və tolerant cəmiyyət modelini təqdim etməsi təqdirəlayiq haldır: “Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan yanaşma Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib”.
Bu siyasətin praktik nəticələrinin ölkənin bütün regionlarında, həmçinin Qax, Zaqatala və Balakəndə müşahidə etməyin mümkün olduğunu deyən A.Kərimli bu bölgədə müxtəlif xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığını deyib. O, müxtəlif dini konfessiyaların nümayəndələri arasında illərdir formalaşan qarşılıqlı etimad mühitini dinlərarası dialoqun real nümunəsi kimi qiymətləndirib.