ABŞ və İran arasında məsləhətləşmələrin növbəti mərhələsi şənbə günü, mayın 3-də İtaliyanın paytaxtında baş tutacaq.Bu barədə X-a Axios-un müxbiri Barak Ravid məlumat verib.
“ABŞ-İran danışıqlarının dördüncü raundunun şənbə günü Romada baş tutacağı gözlənilir, mənə məsələ ilə tanış olan iki nəfər deyib”, o yazıb.
Bundan əvvəl Reuters agentliyi İranın Aİ-3 ölkələrinə (Almaniya, Böyük Britaniya və Fransa) mayın 2-də Romada nüvə proqramı ilə bağlı iclas keçirməyi təklif etdiyini bildirib.
Aprelin 26-da Omanın vasitəçiliyi ilə Maskatda İslam Respublikasının nüvə proqramı ilə bağlı böhranın həlli üçün ABŞ və İran arasında dolayı danışıqların üçüncü raundu başlayıb. Ümumilikdə, ABŞ və İran artıq üç raund dolayı danışıqlar aparıb. Birincisi aprelin 12-də Maskatda, ikincisi isə aprelin 19-da Romada baş tutub.