Oman nümayəndə heyəti mayın 13-dən 18-dək Kazanda keçiriləcək “Rusiya – İslam dünyası: KazanForum” beynəlxalq iqtisadi forumunda iştirak edəcək. Bu barədə Tatarıstan rəhbəri Rüstəm Minnixanovun Omanın xarici işlər naziri ilə görüşündən sonra mətbuat xidməti məlumat yayıb.
“Rüstəm Minnixanov Omanın xarici işlər naziri (Bədr bin Həməd əl-Busaidi ) ilə görüş keçirib. Söhbət zamanı Oman nümayəndə heyətinin KazanForumunda iştirakı ilə bağlı razılıq əldə olunub”, – məlumatda deyilir.
Bundan əlavə, daimi əməkdaşlığı inkişaf etdirmək məqsədilə tərəflər Kazanda Oman Sultanının fəxri konsulunun təyin edilməsi, eləcə də Omanın paytaxtı Maskat şəhərində Tatarıstan Respublikasının ticarət-iqtisadi ofisinin açılması məsələsi üzərində işləmək barədə razılığa gəliblər. Biznes missiyalarının mübadiləsi, sazişlərin bağlanması və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. (Tass)