Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze ümid etdiyini bildirib ki, ABŞ prezidenti Donald Tramp qondarma dərin dövləti məğlub edə biləcək, bundan sonra ölkələr arasında münasibətlər yaxşılaşacaq.
“Dərin dövlət hələ məğlub olmayıb. Biz ölkəmizin maraqlarını müdafiə edirik. Tramp onu məğlub edə bilsə, biz bunu alqışlayacağıq. Bu da bizə təsir edəcək. Biz heç kimə imkan verməyəcəyik ki, ölkə nə qədər böyük olursa olsun, ölkəmizin maraqlarını tapdalayıb, məsələn, Ukraynadan istifadə etdikləri kimi istifadə etsin”, – Kaladze gürcü jurnalistlərə bildirib.
Siyasətçi bir daha bəyan edib ki, Gürcüstan ABŞ-la münasibətləri yaxşılaşdırmağa hazırdır. “Əvvəlki [ABŞ] administrasiyası qara ağ deyirdi, yalan təbliğatı gedirdi. Biz istəyirik ki, bütün bunlar bitsin, münasibətlər dostluq, tərəfdaşlıq, ikitərəfli xarakter alsın. Amerika kimi böyük bir dövlətin böyük ənənələrə və mədəniyyətə malik kiçik dövlətə yuxarıdan aşağı baxması qəbuledilməzdir”.