ABŞ-ın paytaxtı Vaşinqtonda Prezident Vudro Vilsonun ev-muzeyində dünya ölkələrinin milli geyimlərindən ibarət ikinci ənənəvi sərgi təşkil edilib.
AZƏRTAC-ın məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə sərgidə nümayiş olunan geyimlər sırasına Azərbaycana məxsus milli geyim də daxil edilib.
Ev-muzeyinin icraçı direktoru Elizabet Karçer açılış nitqi zamanı səfirliklərə və tədbirin təşkilində iştirak edən qurumlara öz minnətdarlığını bildirib. O qeyd edib ki, sərginin keçirilməsində məqsəd dəbin gücünü göstərmək və dəb vasitəsilə sülh mesajlarını çatdırmaqdır.
Sərgidə 50-dən çox ölkəyə məxsus milli geyimlər nümayiş olunub. Tədbirdə, həmçinin sərgilənmiş geyimlərin fotolarından ibarət jurnal qonaqlara təqdim edilib. Jurnalın Azərbaycanla bağlı bölməsində təqdim olunmuş geyimdə istifadə olunmuş parçalar, geyimin müəllifi olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli, həmçinin ilk azərbaycanlı diplomat qadın Sara Xatunun fəaliyyəti ilə bağlı məlumat qeyd olunub.