Finlandiyanın baş naziri Petteri Orpo hesab edir ki, Rusiya ilə Ukrayna arasında bu gün başlaması gözlənilən birbaşa danışıqlar bütün Avropanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edəcək. O, bunu Tiranada Avropa Siyasi Birliyinin altıncı sammitinə gələrkən jurnalistlərə açıqlamasında deyib.
“Avropanın bu gün burada Tiranada toplanması gözəldir, lakin eyni zamanda Avropanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edən danışıqlar prosesi bu gün İstanbulda irəliləyir”, – Orpo deyib.
Eyni zamanda, o qeyd edib ki, qarşıdan gələn danışıqlar fonunda Avropa İttifaqı ölkələri Tirandakı görüşləri ilə “Avropa Ukraynanın yanındadır” siqnalı verməlidir. Orponun fikrincə, Moskva və Kiyev əvvəlcə atəşkəslə bağlı razılığa gəlməli, daha sonra sülh danışıqlarına keçməlidir, bunun nəticəsi Şərqi Avropada “uzunmüddətli və davamlı sülh” olmalıdır.
Eyni zamanda, Orpo diqqətə çatdırıb ki, əgər danışıqlar uğurlu olmazsa, Aİ Moskvaya qarşı əlavə sanksiyalar tətbiq etməklə Rusiyaya təzyiqi artırmalıdır. Finlandiyanın baş naziri hesab edir ki, Avropa bu məsələdə öz səylərini ABŞ-la əlaqələndirməlidir. (Tass)