Təlimdə əvvəlcə 2024-cü il də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə tutduğu mövqe, oynadığı rol və verdiyi töhfələrdən bəhs olunub. Daha sonra qlobal enerji sistemində baş verən mühüm transformasiyalar və enerji keçidi prosesindəki son yeniliklərdən danışan professor qlobal enerji sisteminin strukturu, ənənəvi və bərpa olunan enerji mənbələri, enerji istehsalı, ötürülməsi və istehlak zənciri barədə məlumat verib. Dr.A.D.Vaskes müxtəlif illərdə karbon qazı emissiyasına görə ön sıralarda qərarlaşan region və ölkələrin sıralamasını təqdim edib, ayrı-ayrı dövlətlərin iqtisadi artım fonunda karbon qazı izinin azaldılması istiqamətində fəaliyyətlərindən, əldə etdiyi təcrübələrdən danışıb.
Professor, həmçinin Azərbaycanın 2030-cu ilədək elektrik enerjisində bərpaolunan enerjinin payının 30%-ə çatdırılması istiqamətində hədəfinə toxunaraq, bu məqsədlə günəş, külək enerjisi kimi bərpaolunan enerji layihələrinə investisiyaların artırılması ilə bağlı çalışmaların iqlim dəyişikliyi ilə mübarizəyə müsbət təsirlərinin olacağını qeyd edib.
Təlim sual-cavab sessiyası və mövzu ətrafında müzakirələrlə davam edib.